David Babayan Rusiyaya “işgüzar səfər” edib? - Azərbaycan Səfirliyi məlumat yaydı
Özünü “Artsax Respublikasının xarici işlər naziri” kimi təqdim edən David Babayanın 21-27 iyun tarixlərində Rusiyaya “işgüzar səfər” etməsi və burada bir sıra görüşlər keçirməsinə dair erməni KİV-də yayılmış xəbərlərlə bağlı Səfir Polad Bülbüloğlu tərəfindən Rusiya Federasiyasının səlahiyyətli orqanlarına sorğu ilə müraciət olunub.
1news.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyinin məlumatında deyilir.
“Rusiya tərəfindən daxil olmuş rəsmi məlumata əsasən bildiririk ki, yuxarıda adı çəkilən şəxsin göstərilən tarixlərdə Rusiya ərazisində olması şəxsi məqsədlərlə əlaqədar olmuş, bu səbəbdən də tirajlanan “işgüzar səfər” xəbərləri həqiqəti əks etdirmir” – səfirliyin məlumatında bildirilib:
“Burada keçirdiyi bütün görüşlər şəxsi xarakter daşımış və Rusiyanın heç bir rəsmi şəxsi onunla görüşməmişdir”.
Səfirlik bir daha vurğulayır ki, Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əsilli şəxslər Rusiya ərazisinə Ermənistan Respublikasının pasportu ilə daxil olurlar, belə “səfərlər” barədə yayılan xəbərlər təxribat xarakteri daşıyır, məqsədi ictimaiyyəti çaşdırmaq və Azərbaycan-Rusiya əməkdaşlığına kölgə salmaqdır.