Cavanşir Feyziyev: “Ermənistan bölgədə yaranmış yeni reallıqlardan nəticə çıxarmalıdır” - ŞƏRH
“Prezident İlham Əliyevin yerli telekanallara müsahibəsi ötən il ərzində dövlətin həyata keçirdiyi daxili və xarici siyasət istiqamətlərində əldə olunmuş nailiyyətlər və yeni ildə qarşıda duran vəzifələr haqqında geniş təsəvvür yaratdı”.
Bunu 1news.az-a açıqlamasında Milli Məclisin deputatı Cavanşir Feyziyev deyib.
“Şübhəsiz ki, Ermənistan – Azərbaycan münasibətləri də jurnalistləri və tamaşaçıları ən çox maraqlandıran suallar arasında idi. Bu barədə verilmiş sualı cavablandırarkən Prezident ilk növbədə qeyd etdi ki, keçən iki il ərzində Vətən müharibəsinin nəticələri bütün dünya tərəfindən qəbul olunub. Ölkəmizin milli maraqlarına tamamilə uyğun olan yeni reallıqların dünya tərəfindən tanınmasını ölkə başçısı keçən ilin diplomatik uğurlarından biri kimi səciyyələndirdi. Prezident öz çıxışında Ermənistan cəmiyyətində revanş hissi ilə yaşayanlara da bunun bir daha mümkün olmayacağını çatdırdı”.
Deputat qeyd edib ki, Prezident İlham Əliyev növbəti addım kimi, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasını bu ilin siyasi gündəliyində duran əsas məsələlərdən biri kimi xarakterizə etdi.
“Ötən il ərzində belə bir müqavilənin imzalanmasına böyük ümidlərin olduğunu, lakin Ermənistan siyasi rəhbərliyinin qeyri-ardıcıl və qeyri-konstruktiv addımları səbəbindən bunun mümkün olmadığını bildirdi. Prezident həmçinin Fransanın Azərbaycan - Ermənistan münasibətlərinin normallaşdırılmasına yanaşmasını da qınadı və Fransanın Ermənistanla bağlı siyasətini “anlaşılmaz” adlandırdı. Doğrudan da, müasir dövrdə beynəlxalq münasibətlər sisteminin ahəngdar işləməsi üçün dövlətlərlər arasında qarşıdurmanı və gərginliyi yox, sülhü və əməkdaşlığı təşviq etmək daha səmərəli hesab olunur. Fransanın Cənubi Qafqaz siyasətində isə bunun əksini görürük. Fransa prezidenti hər vəchlə Azərbaycanla Ermənistan arasında münasibətlərin nizamlanması ilə bağlı aparılan danışıqlara müdaxilə etməyə çalışır, Ermənistanı sülh müqaviləsini imzalaması üçün əlavə şərtlər irəli sürməyə sövq edir və bununla da bölgədə təhlükəsizliyin bərqərar edilməsinə maneçilik törədir. Görünür, Fransa prezidenti Ermənistana da öz müstəmləkə ərazisi kimi baxır, onun qəbul edəcəyi qərarları öncədən təftiş edir və nəyi necə etmək istiqamətində Ermənistana özünün geo-siyasi maraqlarına uyğun təlimatlar verir. Prezidentin açıqlamalarından o da aydın oldu ki, Ermənistan rəhbərliyi sülh müqaviləsi ilə bağlı öz ölkəsinin daxilində də ictimai-siyasi konsensus əldə etməkdə çətinlik çəkir. Lakin bunu Ermənistanın daxili işləri olduğunu qeyd edən prezident İlham Əliyev cəmiyyəti sülhə hazırlamağın Ermənistan siyasi rəhbərliyinin vəzifəsi olduğunu bildirdi. Dövlət başçısının öz şərhlərində Ermənistana ünvanlandığı ən ciddi mesaj isə ondan ibarət oldu ki, sülh müqaviləsinin imzalanması üçün 2023-cü il son fürsətdir”.
C. Feyziyev deyib ki, Ermənistan bölgədə yaranmış yeni reallıqlardan nəticə çıxarmalı, Azərbaycan və Türkiyə ilə münasibətlərinin tənzimlənməsində müstəsna olaraq öz xalqının milli maraqlarından çıxış etməlidir.
“10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməli və Zəngəzur dəhlizinin açılması ilə bağlı görüləcək işlərə başlamalıdır. Azərbaycanla Sülh müqaviləsini imzalayıb bütövlükdə bölgədə qarşılıqlı əməkdaşlığın bərpa olunmasına və canlandırılmasına töhfə verməlidir. Bütün bu addımların atılması bölgədə yaşayan bütün xalqların, ilk növbədə isə ermənilərin maraqlarına tam cavab verir”.
Xatırladaq ki, yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib.