Katolik dünyası yeni papa seçiminə hazırlaşır - Proses sabahdan başlayır | 1news.az | Xəbərlər
Dünya

Katolik dünyası yeni papa seçiminə hazırlaşır - Proses sabahdan başlayır

Qafar Ağayev14:02 - Bu gün
Katolik dünyası yeni papa seçiminə hazırlaşır - Proses sabahdan başlayır

Katolik Kilsəsinin yeni rəhbəri sabahdan etibarən başlayacaq Konklav vasitəsilə seçiləcək.

1news.az xəbər verir ki, Papa Fransiskin vəfatından sonra boşalan Apostol Taxtı üçün 133 kardinal səs verəcək.

Vatikanda keçiriləcək bu tarixi prosesdə yaşı 80-dən aşağı olan və səsvermə hüququna malik 133 kardinal iştirak edəcək. Seçki mərasimi sabah səhər birgə ayinlə başlayacaq və yerli vaxtla saat 16:30-da Sistina Şapelində ilk iclasla davam edəcək.

Kardinallar burada səsverməyə başlamazdan əvvəl xristian ilahiləri müşayiəti ilə and içəcək, ardından “Extra Omnes” — yəni “əlavə şəxslər çıxsın” əmri veriləcək və xarici dünya ilə bütün əlaqələr kəsiləcək. Konklavın iclaslarına Vatikan Dövlət Katibliyinin keçmiş rəhbəri, İtaliyalı Kardinal Pietro Parolin sədrlik edəcək.

Gündəlik olaraq səhər və günortadan sonra iki dəfə olmaqla, cəmi dörd səsvermə nəzərdə tutulur. Əgər papa seçilə bilməzsə, Sistina Şapelinin bacasından qara tüstü qalxacaq və bu, dünyaya seçimin hələ baş tutmadığı mesajını verəcək.

Papa seçimi üçün üçdə iki səs çoxluğu — yəni 89 səs tələb olunur. Əgər bu nəticə əldə olunarsa və namizəd seçimi qəbul edərsə, dərhal “Ağlama otağı” adlanan xüsusi otağa keçərək papalıq libasını geyinəcək. Səsvermənin ardınca ağ tüstü bacadan qalxacaq və bu, yeni papanın seçildiyini bildirəcək.

Təxminən bir saat sonra yeni papa Müqəddəs Pyotr Bazilikasının eyvanına çıxaraq dünya ictimaiyyətinə təqdim olunacaq. Bu təqdimatı Fransız Kardinal Dominik Mamberti “Habemus Papam!” — “Bir papamız var!” ifadəsi ilə elan edəcək.

Yeni papanın kim olacağı hələ məlum olmasa da, sabahdan etibarən bütün dünyanın gözü yenidən Vatikanın üzərində olacaq.

Paylaş:
133

Son xəbərlər

Bütün xəbərlər