“Turan Tovuz” UEFA-dan kənarlaşdırıldı, klub CAS-a müraciət edəcək
“Turan Tovuz” Futbol Klubu UEFA-nın 2026/2027-ci illər mövsümündə keçiriləcək avrokubok yarışlarından kənarlaşdırılması ilə bağlı rəsmi açıqlama yayıb.
1news.az xəbər verir ki, klubun bəyanatında bildirilir ki, komanda 2025/2026-cı illər mövsümünü Azərbaycan Premyer Liqasında 3-cü pillədə başa vuraraq idman prinsipləri əsasında UEFA Konfrans Liqasında iştirak hüququ qazanıb. Lakin UEFA İntizam Komitəsi klubun yarışlarda iştirak üçün müəyyən edilmiş meyarlara uyğunluğunu araşdırdıqdan sonra “Turan Tovuz”un 2026/2027-ci il mövsümündə UEFA turnirlərində iştirakına qadağa qoyub.
Qərarın əsasını AFFA İntizam Komitəsinin 13 dekabr 2019-cu il tarixli qərarı təşkil edir. Həmin qərara əsasən, o vaxt I Divizionda çıxış edən komandanın yeddi futbolçusu danışılmış oyunlarla bağlı araşdırma nəticəsində futbolla əlaqəli bütün fəaliyyətlərdən ömürlük uzaqlaşdırılmışdı.
“Turan Tovuz” rəhbərliyi qərarla razılaşmadığını bəyan edib və hüquqlarını müdafiə etmək üçün bütün hüquqi vasitələrdən istifadə edəcəyini açıqlayıb.
“Klubumuz tərəfindən qərarın dəyişdirilməsi və idman prinsipləri əsasında qazandığımız Konfrans Liqası vəsiqəsinin qorunması üçün bu gündən etibarən bütün hüquqi addımlar atılacaq. Bununla bağlı İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət olunacaq”, – deyə bəyanatda qeyd olunur.
Klub həmçinin bildirib ki, UEFA-nın qərarına baxmayaraq, yeni mövsümə hazırlıq planlarında heç bir dəyişiklik yoxdur. Komanda yaxın günlərdə bir araya gələcək və təlim-məşq toplanışı üçün Türkiyəyə yollanacaq.
Qeyd edək ki, “Turan Tovuz” 2025/2026 mövsümündə uğurlu çıxışı sayəsində 32 ildən sonra yenidən avrokuboklara vəsiqə qazanmışdı. Komandanın UEFA Konfrans Liqasının II təsnifat mərhələsindən mübarizəyə başlayacağı gözlənilirdi.









