“OpenAI”dan milyardlıq TƏKLİF: ABŞ hökumətinə şirkətin 5 faizi verilə bilər
Süni intellekt sahəsində fəaliyyət göstərən "OpenAI" şirkətinin ABŞ hökumətinə şirkətin 5 faiz səhmini verməyi təklif etdiyi iddia edilir.
1news.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə "Financial Times" məlumat yayıb.
Məlumata görə, "OpenAI"-ın baş icraçı direktoru Sem Altman süni intellekt modellərinin təhlükəsizliyi və hüquqi tənzimlənməsi ilə bağlı Vaşinqtonda artan siyasi təzyiqlər fonunda Donald Tramp administrasiyası ilə keçirdiyi görüşlərdə bu təklifi gündəmə gətirib.
Məlumata əsasən, Altman hesab edir ki, dövlətin şirkətdə maliyyə payına sahib olması süni intellektin yaradacağı iqtisadi faydaların cəmiyyətlə bölüşdürülməsi üçün ən səmərəli mexanizmlərdən biri ola bilər.
Hazırda bazar dəyəri təxminən 852 milyard dollar olan "OpenAI"-da 5 faizlik payın dəyəri təxminən 42,6 milyard dollar təşkil edir.
Xəbərdə həmçinin bildirilir ki, Sem Altman yaradılması nəzərdə tutulan milli sərvət fondu vasitəsilə ABŞ-də fəaliyyət göstərən digər iri süni intellekt şirkətlərinin də oxşar həcmdə səhmlərini hökumətə təqdim etməsini təklif edib.
ABŞ administrasiyasının bu təklifi qəbul edib-etməyəcəyi isə hələlik məlum deyil.
Qeyd edək ki, "OpenAI" bu ilin aprel ayında da süni intellekt sektorunda əldə olunan iqtisadi gəlirlərin cəmiyyətə yönəldilməsi məqsədilə "ictimai rifah fondu"nun yaradılmasını təklif etmişdi.











