BMW ABŞ-də 318 mindən çox avtomobili geri çağırır – Yanğın riski aşkarlandı | 1news.az | Xəbərlər
Dünya

BMW ABŞ-də 318 mindən çox avtomobili geri çağırır – Yanğın riski aşkarlandı

Qafar Ağayev09:24 - Bu gün
BMW ABŞ-də 318 mindən çox avtomobili geri çağırır – Yanğın riski aşkarlandı

Almaniyanın böyük istehsalçılarından olan BMW starter sistemində (marş motorunda) aşkar edilmiş texniki nasazlıq səbəbindən ABŞ-də 318 495 avtomobili geri çağırmaq qərarına gəlib.

1news.az xəbər verir ki, bu barədə "Reuters" ABŞ Milli Avtomobil Yollarında Hərəkətin Təhlükəsizliyi Administrasiyasının (NHTSA) məlumatlarına istinadən xəbər yayıb.

Məlumata görə, geri çağırmaya səbəb starter sistemində müəyyən edilmiş nasazlıqdır. Bildirilir ki, bu qüsur starter mühərrikinin həddindən artıq qızmasına, nəticədə isə avtomobildə yanğın baş verməsinə səbəb ola bilər.

Geri çağırma proqramı aşağıdakı modelləri əhatə edir:

  • BMW 4 Series Coupe və Cabrio;

  • BMW 3 Series;

  • BMW X4;

  • BMW X3;

  • Toyota Supra.

Toyota Supra modelinin siyahıda yer almasının səbəbi onun BMW platformasında hazırlanması və BMW ilə çoxlu sayda ortaq komponentlərdən istifadə etməsidir.

Şirkət bildirib ki, nasazlığın aradan qaldırılması məqsədilə geri çağırılan bütün avtomobillərdə starter mühərriki ödənişsiz dəyişdiriləcək.

BMW son dövrlərdə eyni səbəbdən ardıcıl geri çağırma kampaniyaları həyata keçirir. Bu ilin iyul ayında şirkət ABŞ-da təxminən 30 min avtomobili analoji nasazlığa görə servisə çağırmışdı.

Bundan əvvəl isə Çində 148 min, ABŞ-da isə 145 min avtomobil eyni səbəbdən geri çağırılmışdı. Həmçinin 2025-ci ilin sonunda dünya üzrə 330 mindən çox avtomobil üçün də oxşar geri çağırma kampaniyasına start verilmişdi.

Şirkət bu ilin fevral ayında yaydığı ayrıca açıqlamada 2020-ci ilin iyulundan 2022-ci ilə qədər istehsal edilmiş yüz minlərlə avtomobilin starter sistemindəki texniki nasazlıq səbəbindən geri çağırılacağını bildirmişdi.

BMW Almaniyada 28 582 avtomobilin geri çağırılacağını açıqlasa da, kampaniyanın dünya üzrə ümumi miqyasını və maliyyə dəyərini hələ açıqlamayıb.

Şirkətin məlumatına görə, intensiv istifadə nəticəsində starter mühərrikinin solenoidində aşınma yarana bilər. Bu isə avtomobilin işə salınmasını çətinləşdirə və ya tamamilə mümkünsüz edə bilər.

Eyni zamanda həmin aşınma qısaqapanmaya səbəb olaraq starter mühərrikinin lokal şəkildə həddindən artıq qızmasına gətirib çıxara bilər. Ən pis ssenaridə isə avtomobil hərəkətdə olarkən yanğın riski yarana bilər.

BMW risk qrupuna daxil olan avtomobillərin sahiblərinə mühərrik işlək vəziyyətdə olarkən nəqliyyat vasitəsini nəzarətsiz qoymamağı tövsiyə edib.

Fevral ayında elan edilən geri çağırma kampaniyası BMW-nin "2 Series Coupe", "3 Series", "4 Series", "5 Series", "7 Series", həmçinin "6 Series Gran Turismo", X4, X5, X6 və Z4 modellərinin müxtəlif versiyalarını əhatə edir.

2020-ci ilin iyulundan 2022-ci ilin iyuluna qədər istehsal olunmuş starter releləri ilə təchiz edilən avtomobillər risk qrupuna daxildir. Bundan əlavə, sonradan aparılmış təmir zamanı nasaz starter mühərriki quraşdırılmış avtomobillər də geri çağırma proqramına salınıb.

BMW ötən ilin sentyabr ayında da 2015–2021-ci illərdə istehsal olunmuş avtomobillər üçün starter sistemində fərqli nasazlıq səbəbindən genişmiqyaslı geri çağırma kampaniyası elan etmişdi.

Həmin kampaniyada problem su sızması nəticəsində yaranan korroziya ilə bağlı idi və yanğın riski avtomobil söndürülmüş vəziyyətdə olarkən də mövcud idi.

Hazırkı geri çağırmada isə nasazlığın əsas səbəbi fiziki aşınma hesab olunur və yanğın riskinin xüsusilə mühərrik işləyən zaman yarandığı vurğulanır.

Paylaş:
96

Son xəbərlər

Bütün xəbərlər