Piyada məsu | 1news.az | Xəbərlər
Cəmiyyət

Piyada məsu

Qafar Ağayev10:28 - Bu gün
Piyada məsu

Gün ərzində mediada yol-nəqliyyat hadisələri ilə bağlı çoxsaylı xəbərlər yayılır.

Dövlət qurumlarının paylaşdığı qəza görüntüləri isə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olur. Xüsusilə piyada keçidlərinin yaxınlığında və ya magistral yollarda piyadaların yolu müəyyən edilməmiş yerlərdən keçməsi nəticəsində baş verən qəzalar cəmiyyətin diqqət mərkəzində olur.

Belə hadisələr zamanı sosial şəbəkələrdə səslənən rəylərin böyük hissəsi sürücüləri müdafiə edir, piyadaların məsuliyyətsiz davranışını isə sərt tənqid edir. Bunun əsas səbəbi qəza görüntülərinin əksəriyyətində təhlükənin məhz piyadanın qaydaları pozması nəticəsində yaranmasının açıq şəkildə görünməsidir.

Yayılan videogörüntülər göstərir ki, bəzi piyadalar piyada keçidindən istifadə etmək əvəzinə yolu birbaşa hərəkət hissəsindən keçməyə üstünlük verirlər.

Belə hallarda sürücülər qəzanın qarşısını almaq üçün qəfil əyləcləmə və ya manevr etməyə məcbur qalırlar. Nəticədə ya piyada vurulur, ya da nəqliyyat vasitəsinin idarəetməsi itirilərək daha ağır qəza baş verir. Bəzən piyadalar hadisədən salamat qurtula bilsələr də, bəzi hallarda bu məsuliyyətsiz davranış onların ölümü ilə nəticələnir. Maraqlıdır ki, bu cür hadisələrin əksəriyyətində hüquqi məsuliyyət əsasən sürücünün üzərinə düşür.

Bu günlərdə Səbail rayonu, Dənizkənarı küçəsində, Dövlət Bayrağı Meydanı istiqamətində baş vermiş yol-nəqliyyat hadisəsi də cəmiyyətdə geniş rezonans doğurdu. Hadisə bir daha göstərdi ki, yol hərəkəti təhlükəsizliyinin təmin olunması yalnız sürücülərin deyil, piyadaların da üzərinə ciddi məsuliyyət qoyur.

Yayılan görüntülərdən görünür ki, üç piyada yaxınlıqda – təxminən 200-220 metr məsafədə yeraltı piyada keçidi olmasına baxmayaraq, yolu hərəkət hissəsindən keçməyə çalışır. Onları vurmamaq üçün motosiklet sürücüsü qəfil əyləc tətbiq edir, idarəetməni itirərək yıxılır və müxtəlif dərəcəli bədən xəsarətləri alır.

Hadisənin daha düşündürücü tərəfi isə qəza baş verdikdən sonra yaşanır. Görüntülərdən məlum olur ki, hadisəyə səbəb olan piyadalar xəsarət alan sürücüyə kömək göstərmək əvəzinə ərazini tərk edirlər. Yaxınlıqda xidmət aparan polis əməkdaşları dərhal hadisə yerinə gələrək sürücüyə ilkin yardım göstərib, daha sonra onun təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılmasını təmin ediblər.

Əslində, bu hadisə təkcə bir yol qəzası deyil, həm də cəmiyyətdə yol hərəkəti mədəniyyəti ilə bağlı ciddi problemin göstəricisidir. Bir çox piyada hələ də hesab edir ki, yolu istədiyi yerdən keçmək onun şəxsi seçimidir. Halbuki bu qərarın nəticələri təkcə onun həyatı ilə məhdudlaşmır.

Bir neçə saniyə qazanmaq üçün atılan düşünülməmiş addım insan həyatına başa gələ bilər. Nəticədə piyada həyatını itirə, ağır xəsarət ala, sürücü isə heç bir qəsdi olmadığı halda həm mənəvi, həm də hüquqi baxımdan ağır nəticələrlə üz-üzə qala bilər. Bir anlıq məsuliyyətsizlik bir neçə ailənin taleyini dəyişdirə bilər.

Bu problemin digər mühüm tərəfi isə cəzasızlıq hissidir. Yolun müəyyən edilməmiş hissəsindən keçən bəzi piyadalar əmindirlər ki, bu hərəkətlərinə görə ciddi məsuliyyət daşımayacaqlar. Halbuki qanunvericiliyin effektiv tətbiqi, nəzarətin gücləndirilməsi və inzibati məsuliyyət tədbirlərinin sərtləşdirilməsi belə qayda pozuntularının azalmasına ciddi təsir göstərə bilər.

Bunun nümunəsini digər sahələrdə də görmüşük. Vaxtilə küçələrə siqaret kötüyü və digər xırda tullantıları atmaq adi davranış hesab olunurdu. Lakin cərimələrin artırılması, nəzarətin gücləndirilməsi və ictimai maarifləndirmə nəticəsində bu halların sayı nəzərəçarpacaq dərəcədə azalıb. Eyni yanaşmanın yol hərəkəti qaydalarını pozan piyadalarla bağlı da effektiv nəticə verə biləcəyi istisna deyil.

Yol hərəkəti təhlükəsizliyi yalnız sürücülərin məsuliyyəti deyil. Yol hərəkətinin hər bir iştirakçısı – istər sürücü, istər piyada, istərsə də sərnişin – qaydalara əməl etməklə həm öz həyatını, həm də başqalarının təhlükəsizliyini qorumuş olur. Çünki yol hərəkəti qaydaları cərimə yazmaq üçün deyil, insan həyatını qorumaq üçün mövcuddur.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin, hüquqşünasın və avtomobil sahəsi üzrə ekspertin mövqeyini öyrənməyə çalışdıq.

Ərşad Hüseynov

Mövzu ilə bağlı 1news.az-a danışan hüquqşünas Ərşad Hüseynov bildirib ki, qanunvericilikdə piyadaların məsuliyyətdən kənarda qalmasını nəzərdə tutan heç bir norma yoxdur:

“Piyada da, sürücü də, velosipedçi də yol hərəkəti iştirakçısıdır və qanun qarşısında hamısının hüquq və vəzifələri eynidir. Heç kəs üçün xüsusi imtiyaz və ya istisna müəyyən edilməyib. Hər bir yol hərəkəti iştirakçısı qanunla müəyyən olunmuş qaydalara əməl etməyə borcludur. Bu qaydalar pozulduqda isə hüquqi məsuliyyət yaranır. İnzibati Xətalar Məcəlləsində də, Cinayət Məcəlləsində də piyadaların yol hərəkəti qaydalarını pozmasına görə məsuliyyət nəzərdə tutulub. Əgər piyadanın hərəkəti nəticəsində digər şəxs ağır xəsarət alarsa və ya həyatını itirərsə, həmin piyada cinayət məsuliyyətinə cəlb oluna bilər. Bu baxımdan qanunvericilikdə heç bir boşluq yoxdur. Problem qanunda deyil, onun praktik tətbiqindədir”.

Hüquqşünasın sözlərinə görə, cəmiyyətdə formalaşmış yanlış təsəvvürlər və hüquq tətbiqetmə təcrübəsi belə hallarda piyadaların məsuliyyət məsələsinin arxa planda qalmasına səbəb olur:

“Praktikada çox vaxt piyadaların davranışına lazımi hüquqi qiymət verilmir. Halbuki hüquq-mühafizə orqanları hər bir hadisədə bütün yol hərəkəti iştirakçılarının davranışını araşdırmalıdır. Təəssüf ki, cəmiyyətdə belə bir yanlış fikir formalaşıb ki, guya piyada heç vaxt məsuliyyət daşımır. Bu, doğru deyil. Cinayət xarakterli nəticələr baş verdikdə piyadanın hərəkətləri də eyni qaydada araşdırılmalı, onun təqsiri müəyyən edilərsə, qanunvericiliyə uyğun məsuliyyət tədbirləri görülməlidir. Məhz bu istiqamətdə hüquq tətbiqetmə təcrübəsinin dəyişməsinə ehtiyac var. İnsanlar bilməlidirlər ki, piyada olmaq məsuliyyətdən azad olmaq demək deyil”.

Ərşad Hüseynov qeyd edib ki, hadisə zamanı piyada özü həyatını itirsə belə, araşdırma dayandırılmamalıdır:

“Bəzən belə arqument irəli sürülür ki, piyada dünyasını dəyişdiyi üçün onun barəsində araşdırma aparmağa ehtiyac yoxdur. Halbuki bu yanaşma hüquqi baxımdan yanlışdır. Cinayət-Prosessual Məcəllədə bu cür hallar üçün xüsusi prosedur nəzərdə tutulub. Təqsirləndirilən şəxs vəfat etdikdə belə, onun hərəkətlərinə hüquqi qiymət verilməsi mümkündür. Təqsirin mövcudluğu müəyyən olunduqdan sonra hüquq varislərinin mövqeyi öyrənilir və qanunvericiliyin tələblərinə uyğun qərar qəbul edilir. Lazım gəldikdə məsələ hətta məhkəməyədək gedə bilər. Məqsəd vəfat etmiş şəxsə cəza vermək deyil, hadisənin hüquqi həqiqətini müəyyən etmək və təqsirin kimdə olduğunu dəqiq ortaya qoymaqdır. Buna görə də ölüm faktı araşdırmanın dayandırılması üçün əsas hesab edilə bilməz”.

Onun fikrincə, belə halların qarşısının alınması üçün cərimələrin artırılmasına deyil, mövcud qanunların effektiv tətbiqinə ehtiyac var:

“Mən cərimələrin artırılmasının tərəfdarı deyiləm. Əvvəlcə mövcud qanunlar işləməlidir. Bu gün bir çox insan piyadaların da inzibati və hətta cinayət məsuliyyəti daşıdığını bilmir. Halbuki qanunda bununla bağlı bütün mexanizmlər mövcuddur. Əgər hüquq tətbiqi ardıcıl və prinsipial olsa, cəmiyyət də bunu görəcək və davranışını dəyişəcək. Bununla yanaşı, geniş maarifləndirmə işləri aparılmalıdır. İnsanlara sadəcə cərimələrin məbləğini deyil, yol hərəkəti qaydalarının pozulmasının hansı hüquqi nəticələr doğurduğunu izah etmək lazımdır. Qorxu deyil, hüquqi şüur formalaşdırılmalıdır”.

Hüquqşünas bildirib ki, piyadanın təqsiri nəticəsində nəqliyyat vasitəsinə maddi zərər dəyərsə, sürücü həmin zərərin ödənilməsini də tələb edə bilər:

“Əgər yol-nəqliyyat hadisəsi baş veribsə, bütün hallar tam və obyektiv araşdırılmalıdır. Bunun üçün sürücünün ayrıca müraciət etməsi belə vacib deyil, araşdırma qanunun tələblərinə uyğun aparılmalıdır. İstintaq zamanı bütün yol hərəkəti iştirakçılarının davranışına hüquqi qiymət verilməlidir. Əgər müəyyən olunarsa ki, maddi zərərin yaranmasına piyada səbəb olub, həmin zərər ondan tələb edilə bilər. Burada şəxsin piyada, sürücü və ya sərnişin olmasının heç bir əhəmiyyəti yoxdur. Əsas məsələ təqsirin kimdə olmasıdır. Təqsiri sübuta yetirilən şəxs vurduğu maddi zərəri qanunvericiliyə uyğun şəkildə ödəməlidir”.

Eldəniz Cəfərov

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov hesab edir ki, yolu müəyyən edilməmiş yerlərdən keçərək yol hərəkəti üçün ciddi risk yaradan piyadalarla bağlı daha sərt və effektiv tədbirlər görülməlidir.

“Təbii ki, müəyyən olunmamış yerlərdən keçən, risk yaradan piyadalarla bağlı ciddi iş görülməlidir. Burada həm cərimə, həm də digər tənbeh tədbirləri nəzərdə tutulmalı, qayda pozanlar məsuliyyətə cəlb edilməlidir. Bu proses formal xarakter daşımamalıdır. Bu gün qayda pozan piyadalara tətbiq olunan cərimələrin yüksək olmaması səbəbindən onların cərimələnməsinə marağın zəif olması da mümkündür. Amma bu yanaşma dəyişməlidir. Burada balans yaradılmalıdır. Riskli ərazilərdə piyada keçidlərinin sayının artırılmasına ehtiyac var. Yolların işıqlandırılması, maarifləndirmənin və nəzarətin gücləndirilməsi vacibdir. Piyadavurmaların daha çox baş verdiyi qəza ocaqlarında yolların kənarlarının çəpərlənməsi də həll yollarından biri ola bilər. Bu çəpərlənmə məsələsi hətta 2019–2023-cü illəri əhatə edən dövlət proqramında da öz əksini tapmışdı. Bütün bunlar mütləq həyata keçirilməlidir. Hər kəs bilməlidir ki, vətəndaş evdən çıxıb yola qədəm qoyduğu andan etibarən onun bütün hərəkətləri "Yol hərəkəti haqqında" Qanunla tənzimlənir. İstər piyada, istərsə də sürücü bu qanunun tələblərinə riayət etməyə borcludur”.

Ekspert bildirib ki, problemin həlli yalnız inzibati məsuliyyət tədbirləri ilə mümkün deyil və bu istiqamətdə maarifləndirmə əsas rol oynamalıdır.

“Amma burada başqa bir məsələ də var. Maarifləndirmə harada aparılmalıdır? Maarifləndirmə, əlbəttə ki, təhsil müəssisələrində başlamalıdır. Uşaq bağçalarında, orta məktəblərdə, ali məktəblərdə bununla bağlı konkret tədris olmalı, hətta ayrıca fənn tədris edilməlidir. Bu gün elə fənlər var ki, onların əvəzinə şagirdlərə yol hərəkəti qaydaları öyrədilsə, daha effektiv olar və onlar həyata daha təhlükəsiz şəkildə qədəm qoyarlar. Necə ki, məktəb savadlı vətəndaş yetişdirməyə çalışır, eyni zamanda yol hərəkəti qaydalarına əməl edən, təhlükələrdən özünü qoruya bilən vətəndaş da yetişdirməlidir. Təəssüf ki, hazırda bu istiqamətdə aparılan işlər formal xarakter daşıyır. Baxmayaraq ki, qanunvericilikdə bu məsələ öz əksini tapıb, yol hərəkəti qaydaları nə məktəblərdə, nə də uşaq bağçalarında lazımi səviyyədə öyrədilir. Bu işə faktiki olaraq sıfırdan başlamaq lazımdır. Çünki bu sahədə möhkəm təməl formalaşdırılmayıb”.

Eldəniz Cəfərovun sözlərinə görə, cərimələrin effektivliyi onların qaçılmazlığı və məbləği ilə yanaşı, qanunların bərabər tətbiq edilməsindən də asılıdır.

“Cərimə məsələsinə gəldikdə isə, əlbəttə ki, burada cərimənin məbləği də mühüm rol oynayır. Piyada bilməlidir ki, qaydanı pozarsa, mütləq məsuliyyət daşıyacaq. Bu gün müşahidə edirik ki, bilərəkdən qayda pozan piyadaların sayı kifayət qədər çoxdur. Bir məsələ var ki, avtomobil hərəkətinin intensiv olmadığı, magistral olmayan ərazilərdə insanlar bəzən yolu keçirlər. Bunu müəyyən qədər başa düşmək olar. Amma biz kameralar vasitəsilə görürük ki, bəzi piyadalar hətta səkkiz zolaqlı magistral yolları keçməyə cəhd edirlər. Onlar yaxşı bilirlər ki, belə şəraitdə sağ qalmaq ehtimalı çox aşağıdır. Buna baxmayaraq, bilərəkdən yol hərəkəti qaydalarını kobud şəkildə pozur, digər yol hərəkəti iştirakçılarının, xüsusilə də sürücülərin və sərnişinlərin həyatını risk altına atırlar. Sadə dillə desək, özlərini avtomobilin altına atırlar”.

Ekspert hesab edir ki, bu kimi hallarda qanunvericiliyə yenidən baxılmasına ehtiyac var.

“Mən düşünürəm ki, özünü bilərəkdən avtomobilin altına atan, bilərəkdən digər yol hərəkəti iştirakçılarına risk yaradan piyadalarla bağlı xüsusi iş aparılmalı, xüsusi tədbirlər görülməlidir. Belə piyadalara görə heç bir halda sürücü tənbeh olunmamalıdır. Hətta bəzi hallarda sürücü istintaqa da cəlb edilməməlidir. Əgər biz "Yol hərəkəti haqqında" Qanunda bu istiqamətdə müəyyən dəyişikliklər edə bilsək və qanun sürücü əleyhinə deyil, bütün yol hərəkəti iştirakçılarının hüquq və vəzifələrini balanslı şəkildə tənzimləsə, yollarda nizam-intizamın təmin olunmasına nail ola bilərik. Hazırda faktiki olaraq "Yol hərəkəti haqqında" Qanun daha çox sürücü əleyhinə işləyir. Bu, Sovet dövründən qalmış qanundur. Sonrakı illərdə orada müəyyən dəyişikliklər edilib, yenilənib. Amma əslində həmin qanun Sovet prinsiplərinə uyğunlaşdırılmış qanundur və orada həmişə sürücü günahkar hesab olunur. Hesab edirəm ki, bu yanaşma dəyişərsə, qanunun müvafiq maddələri yenilənərsə, yollarda daha ciddi nizam-intizama nail olmaq mümkün olacaq”.

Ekspert vurğulayıb ki, piyadanın qayda pozuntusu nəticəsində sürücüyə və ya nəqliyyat vasitəsinə zərər dəyibsə, həmin şəxs də qanun qarşısında məsuliyyət daşımalıdır.

“Əgər piyadanın ucbatından sürücüyə və ya nəqliyyat vasitəsinə zərər dəyibsə, əlbəttə ki, bu halda müvafiq qurumlar həmin piyadanı müəyyən etməli, hadisəni hərtərəfli araşdırmalı və onu qanunvericiliyə uyğun qaydada məsuliyyətə cəlb etməlidirlər”.

 

Paylaş:
116

Son xəbərlər

Piyada məsu

Bu gün, 10:28
Bütün xəbərlər