Azərbaycan–Özbəkistan tərəfdaşlığının yeni üfüqləri - Əsas istiqamətlər nələrdir? - ŞƏRH | 1news.az | Xəbərlər
Mövqe

Azərbaycan–Özbəkistan tərəfdaşlığının yeni üfüqləri - Əsas istiqamətlər nələrdir? - ŞƏRH

Qafar Ağayev09:34 - Bu gün
Azərbaycan–Özbəkistan tərəfdaşlığının yeni üfüqləri - Əsas istiqamətlər nələrdir? - ŞƏRH

“Müasir beynəlxalq münasibətlərdə siyasi yaxınlığın davamlı və nəticəyönümlü olması üçün onun iqtisadi əsaslarla tamamlanması xüsusi əhəmiyyət daşıyır”.

Bunu 1news.az-a açıqlamasında Milli Məclisin deputatı Şahin Seyidzadə deyib.

O, deyib ki, Azərbaycan və Özbəkistan nümunəsi siyasi yaxınlığın iqtisadi əsaslarla tamamlanması baxımından diqqəti cəlb edən modeldir.

“İki ölkə arasında son illərdə siyasi münasibətlərin yüksək səviyyəyə qalxması iqtisadi-ticari əlaqələrin də sürətlə genişlənməsi ilə müşayiət olunur. Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibəsində təqdim etdiyi rəqəmlər Azərbaycan–Özbəkistan iqtisadi münasibətlərində yeni dinamikanın formalaşdığını göstərir. Ticarət dövriyyəsinin qısa müddətdə üç dəfədən çox artaraq 2025-ci ildə 795 milyon dollara çatması bu dəyişimin ən mühüm göstəricilərindən biridir. Əslində, bu rəqəm yalnız ticarətin artımını ifadə etmir. O, iki ölkə iqtisadiyyatının bir-birini tamamlayan imkanlarının getdikcə daha fəal şəkildə istifadə edilməsinin nəticəsidir”.

Şahin Seyidzadə

S.Seyidzadə bildirib ki, Azərbaycan və Özbəkistanın iqtisadi potensialları müxtəlif xüsusiyyətlərə malik olsa da, onların arasında mühüm tamamlayıcılıq mövcuddur.

“Azərbaycan Cənubi Qafqazın əsas nəqliyyat, enerji və logistika mərkəzlərindən biri kimi çıxış edir. Özbəkistan isə Mərkəzi Asiyanın ən böyük və dinamik iqtisadi məkanlarından biridir. Bu iki potensialın birləşdirilməsi həm ikitərəfli, həm də regional miqyasda yeni iqtisadi imkanlar yaradır. Bu prosesin mühüm siyasi bazası son illərdə imzalanmış strateji sənədlərdir. 2024-cü ildə Azərbaycan Prezidentinin Özbəkistana dövlət səfəri və 2025-ci ildə Özbəkistan Prezidentinin Azərbaycana dövlət səfəri zamanı əldə olunmuş razılaşmalar iqtisadi əməkdaşlığın genişlənməsi üçün möhkəm hüquqi çərçivə yaradıb. “Müttəfiqlik münasibətləri haqqında Müqavilə”nin iqtisadi münasibətlər baxımından əhəmiyyəti xüsusilə böyükdür. Çünki müttəfiqlik yalnız siyasi sahədə qarşılıqlı dəstək deyil, həm də uzunmüddətli iqtisadi əməkdaşlıq üçün etibarlı mühit formalaşdırır”.

O bildirib ki, Azərbaycan–Özbəkistan Hökumətlərarası Komissiyası iqtisadi münasibətlərin institusional dayaqlarından biridir.

“Bu günə qədər komissiyanın 15 iclasının keçirilməsi onun fəaliyyətinin sistemli xarakter aldığını göstərir. Komissiyanın fəaliyyəti vasitəsilə iki ölkə arasında iqtisadi-ticari əlaqələrin mövcud vəziyyəti qiymətləndirilir, problemlər müəyyənləşdirilir və yeni layihələrin həyata keçirilməsi üçün konkret mexanizmlər formalaşdırılır. Lakin iki ölkə arasında iqtisadi əməkdaşlığın ən perspektivli istiqamətlərindən biri investisiyadır. Azərbaycan–Özbəkistan İnvestisiya Şirkətinin 500 milyon dollar ümumi kapitalla yaradılması bu sahədə mühüm strateji qərardır. İnvestisiya şirkətinin əhəmiyyəti ondadır ki, o, yalnız ayrı-ayrı layihələri maliyyələşdirmir. Eyni zamanda sahibkarlar arasında qarşılıqlı etimad yaradır, yeni layihələrin maliyyələşdirilməsini asanlaşdırır və iki ölkənin biznes dairələri arasında əlaqələrin institusionallaşmasına xidmət edir”.

Deputat deyib ki, iqtisadi münasibətlərdə investisiyanın artması uzunmüddətli baxımdan daha mühüm nəticələr doğurur.

“Birgə investisiyalar yeni müəssisələrin yaradılmasına, texnologiyaların transferinə, yeni iş yerlərinin açılmasına, ixrac imkanlarının genişlənməsinə və istehsal zəncirlərinin formalaşmasına səbəb olur. Azərbaycanın Özbəkistanda həyata keçirdiyi layihələr bu baxımdan xüsusi maraq doğurur. “PASHA Holding” tərəfindən Daşkənddə “The Ritz-Carlton” brendi altında hotel və yaşayış kompleksinin inşası Azərbaycanın özəl kapitalının Özbəkistan iqtisadiyyatına marağını nümayiş etdirir. “Sea Breeze Uzbekistan” layihəsi isə turizm və daşınmaz əmlak sektorunda yeni əməkdaşlıq imkanlarının mövcudluğunu göstərir. Eyni zamanda Özbəkistanın Azərbaycanda artan investisiya fəallığı da diqqətəlayiqdir. Azərbaycanda Özbəkistan investisiyalı 130-dan çox kommersiya təşkilatının qeydiyyatda olması iqtisadi münasibətlərin real biznes müstəvisinə keçdiyini göstərir. Bu şirkətlərin sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat və xidmət sahələrində fəaliyyət göstərməsi əməkdaşlığın şaxələndiyini nümayiş etdirir”.

S.Seyidzadənin sözlərinə görə, sənaye kooperasiyası Azərbaycan–Özbəkistan iqtisadi münasibətlərinin ən perspektivli istiqamətlərindən biridir.

““Chevrolet” və “Isuzu” markalı avtomobillərin Azərbaycanda istehsalı bunun real nümunəsidir. 2026-cı il iyulun 13-nə olan məlumata əsasən, “Chevrolet” markalı 10 720 avtomobil və “Isuzu” markalı 275 avtobusun istehsal edilməsi birgə sənaye layihələrinin artıq konkret nəticələr verdiyini göstərir. Bu layihələrin əhəmiyyəti yalnız istehsal olunan avtomobillərin sayında deyil. Burada iki ölkənin sənaye təcrübəsi, texnologiyası, əmək resursları və bazar imkanlarının birləşdirilməsi prosesi gedir. Gələcəkdə belə əməkdaşlığın daha çox sahəyə yayılması mümkündür. Maşınqayırma, kimya sənayesi, kənd təsərrüfatı texnologiyaları, tekstil, qida sənayesi, tikinti materialları və digər sahələrdə birgə istehsal müəssisələrinin yaradılması üçün ciddi potensial mövcuddur”.

O, deyib ki, enerji sektoru Azərbaycan–Özbəkistan əməkdaşlığının strateji istiqamətlərindən biridir.

“İki ölkənin neft-qaz şirkətləri arasında uzunmüddətli əməkdaşlıq artıq konkret təcrübə yaradıb. “Neftegaztexnologiya” birgə müəssisəsinin 2016-cı ildən fəaliyyət göstərməsi bu sahədə əməkdaşlığın davamlı xarakter daşıdığını göstərir. “SOCAR” və “Özbəknefteqaz” arasında yaradılmış “Turan Energy AFEZCO” da enerji və neft-kimya sahəsində yeni imkanlar açır. Azərbaycanda istehsal olunan yüksəktəzyiqli polietilenin Özbəkistana ixrac edilməsi iki ölkə arasında xammal və hazır məhsul zəncirinin formalaşmasına nümunədir. Lakin gələcəyin enerji əməkdaşlığının əsas istiqaməti artıq təkcə neft və qaz olmayacaq. Yaşıl enerji sahəsində Azərbaycan, Özbəkistan və Qazaxıstan arasında yaradılan əməkdaşlıq mexanizmi bunu açıq şəkildə göstərir. “Yaşıl Dəhliz Birliyi”nin yaradılması Mərkəzi Asiyanın bərpaolunan enerji potensialının Azərbaycan vasitəsilə dünya bazarlarına çıxarılması üçün mühüm addımdır. Burada Azərbaycan həm enerji istehsalçısı, həm də enerji tranzitinin mühüm halqası kimi çıxış edə bilər”.

S.Seyidzadənin sözlərinə görə, nəqliyyat və logistika sahəsində əməkdaşlıq da iqtisadi münasibətlərin inkişafını sürətləndirən amillərdəndir.

“Azərbaycan və Özbəkistanın coğrafi mövqeyi onları Şərq-Qərb istiqamətində təbii tərəfdaşlara çevirir. Azərbaycanın Xəzər üzərindən Avropaya çıxış imkanları, Özbəkistanın isə Mərkəzi Asiyanın dərinliklərinə çıxışı birləşdirildikdə çox böyük regional logistika sistemi yaranır. Bu baxımdan Orta Dəhlizin imkanları xüsusilə diqqətəlayiqdir. 2025-ci ildə iki ölkə arasında tranzit daşımalarının 6,7 faiz artaraq 1,4 milyon tona çatması, 2026-cı ilin yanvar-iyun aylarında isə 12,2 faiz artımın qeydə alınması bu istiqamətdə real dinamikanın mövcud olduğunu göstərir. Çin–Qırğızıstan–Özbəkistan dəmir yolu layihəsinin Orta Dəhlizlə inteqrasiyası isə gələcəkdə Azərbaycan–Özbəkistan iqtisadi əməkdaşlığını daha böyük regional logistika sisteminin tərkib hissəsinə çevirə bilər. Burada söhbət sadəcə yük daşınmasından getmir. Nəqliyyat dəhlizləri boyunca logistika mərkəzlərinin, anbarların, gömrük və xidmət infrastrukturunun, sənaye parklarının və yeni istehsal müəssisələrinin yaradılması mümkündür. Beləliklə, nəqliyyat əlaqəsi iqtisadi inkişaf üçün multiplikativ effekt yarada bilər”.

Deputat bildirib ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Özbəkistanla həyata keçirilən layihələr də iqtisadi əməkdaşlığın xüsusi istiqamətidir.

“Füzulidə yaradılan 100 hektarlıq “Dostluq bağı” həm iqtisadi, həm də simvolik əhəmiyyət daşıyır. Bu layihə Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda həyata keçirdiyi genişmiqyaslı bərpa prosesinə Özbəkistanın töhfəsini nümayiş etdirir. İki ölkənin iqtisadi əməkdaşlığı üçün kənd təsərrüfatı da geniş imkanlar yaradır. Azərbaycan və Özbəkistanın kənd təsərrüfatı sahəsində müxtəlif təcrübələri mövcuddur. Suvarma, aqrotexnologiyalar, toxumçuluq, meyvəçilik, emal sənayesi və aqroparkların yaradılması kimi istiqamətlərdə qarşılıqlı təcrübə mübadiləsi məhsuldarlığın artırılmasına xidmət edə bilər. Turizm də gələcəkdə iqtisadi əlaqələrin daha mühüm komponentinə çevrilə bilər. Özbəkistan vətəndaşlarının Azərbaycana səfərlərinin 2024-cü ildə 46 min, 2025-ci ildə 62 min nəfər təşkil etməsi artan marağın göstəricisidir. 2026-cı ilin ilk səkkiz ayında da 44 min Özbəkistan vətəndaşının Azərbaycana gəlməsi turizm əlaqələrinin dinamik inkişaf etdiyini göstərir. Turizmin üstünlüyü ondadır ki, o, iqtisadi və humanitar münasibətləri eyni vaxtda gücləndirir”.

O bildirib ki, Azərbaycan–Özbəkistan iqtisadi münasibətlərinin başqa bir üstünlüyü regionlararası əməkdaşlıqdır.

“Qardaşlaşmış şəhərlər arasında yaradılan əlaqələr biznes əməkdaşlığı üçün də yeni imkanlar açır. Şəhərlər arasında təcrübə mübadiləsi, birgə festivallar, turizm layihələri, kənd təsərrüfatı və sənaye sahəsində əlaqələr yerli iqtisadiyyatların inkişafına müsbət təsir göstərə bilər. Bütün bunlar göstərir ki, Azərbaycan və Özbəkistan arasında iqtisadi münasibətlər artıq sadəcə ticarət statistikasından ibarət deyil. Burada investisiya, sənaye, enerji, nəqliyyat, kənd təsərrüfatı, turizm və xidmət sektorlarını əhatə edən çoxşaxəli iqtisadi tərəfdaşlıq modeli formalaşır. Bu modelin gələcəkdə daha da dərinləşdirilməsi üçün əsas istiqamətlərdən biri birgə istehsalın genişləndirilməsi olmalıdır. Azərbaycan və Özbəkistan üçüncü bazarlara birgə çıxış imkanlarını da nəzərdən keçirə bilərlər. Xüsusilə Mərkəzi Asiya, Cənubi Qafqaz, Türkiyə və Avropa bazarlarına çıxış baxımından iki ölkənin imkanlarının birləşdirilməsi rəqabət üstünlüyü yarada bilər. İkinci mühüm istiqamət rəqəmsal iqtisadiyyat və innovasiyadır”.

S.Seyidzadə deyib ki, Azərbaycan və Özbəkistan rəqəmsal iqtisadiyyat və innovasiya sahəsində də əməkdaşlığı genişləndirə bilərlər.

“Gələcək iqtisadiyyatın əsasını texnologiyalar təşkil etdiyindən Azərbaycan və Özbəkistan startaplar, süni intellekt, rəqəmsal dövlət xidmətləri, elektron ticarət və innovasiya ekosistemləri sahəsində də əməkdaşlığı genişləndirə bilərlər. Nəticə etibarilə, Azərbaycan–Özbəkistan iqtisadi tərəfdaşlığı artıq yeni mərhələyə qədəm qoyub. Ticarət dövriyyəsinin artması, investisiya mexanizmlərinin yaradılması, sənaye kooperasiyası, enerji layihələri və nəqliyyat əlaqələrinin genişlənməsi bu tərəfdaşlığın real iqtisadi dayaqlarını formalaşdırır. Bu prosesin ən mühüm nəticəsi isə qarşılıqlı asılılığın deyil, qarşılıqlı tamamlayıcılığın güclənməsidir. Azərbaycan və Özbəkistan öz iqtisadi potensiallarını birləşdirməklə yalnız öz milli iqtisadiyyatlarının inkişafına deyil, daha geniş regionun iqtisadi inteqrasiyasına da töhfə verə bilərlər”.

Qeyd edək ki, avqustun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Özbəkistan Respublikasına dövlət səfərinə gediblər. Daşkənd-Xumo Beynəlxalq Hava Limanında dövlət başçısını Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və xanımı Ziroatxon Mirziyoyeva qarşılayıblar.

Səfər çərçivəsində Prezident İlham Əliyev və birinci xanım Daşkənddə Müstəqillik abidəsini ziyarət edərək önünə əklil qoyublar, həmçinin Heydər Əliyev Meydanında Ümummilli Liderin barelyefi önünə gül dəstələri düzüblər.

Prezident İlham Əliyev Özbəkistatanın ən yüksək dərəcəli “Dostluq” ordeni ilə, Şavkat Mirziyoyev Azərbaycanın ən ali ordeni – “Heydər Əliyev” ordeni ilə təltif edilib.

Daşkənddə tərəflər arasında təkbətək görüş baş tutub, ardınca Azərbaycan–Özbəkistan Ali Dövlətlərarası Şurasının 3-cü iclası keçirilib. Prezidentlər Azərbaycanın Özbəkistanda həyata keçirdiyi layihələrin açılış və təməlqoyma mərasimində iştirak ediblər, daha sonra iki ölkə prezidentlərinin qarşılıqlı təltifolunma mərasimi olub və Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması və mübadiləsi mərasimi keçirilib.

Günün ikinci yarısında iki ölkə prezidenti mətbuata birgə bəyanatlarla çıxış ediblər. İlham Əliyev Özbəkistanın ən böyük şəhərsalma layihəsi olan "Yeni Daşkənd"lə tanış olub, iki lider Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılış mərasimində iştirak ediblər və gün Yeni Daşkənd şəhərində "Azərbaycan" parkının təməlinin qoyulması ilə başa çatıb.

Paylaş:
79

Son xəbərlər

Bütün xəbərlər