Azərbaycana gələn əcnəbilərin sayı azalıb – Ən çox hansı ölkədən gəliblər?
2026-cı ilin yanvar-iyul aylarında Azərbaycana dünyanın 191 ölkəsindən 1 milyon 342,6 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
1news.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilib ki, ölkəyə gələnlərin sayı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 9,2 faiz azalıb.
Azərbaycana gələnlərin 28,3 faizi Rusiya Federasiyasının, 20 faizi Türkiyənin, 7,9 faizi İranın, 4,7 faizi Gürcüstanın, 4,6 faizi Qazaxıstanın vətəndaşları olub.
Gələnlərin 3,2 faizini Özbəkistan, 3,2 faizini Pakistan, 3,1 faizini İsrail, 2,6 faizini Hindistan, 2,5 faizini Çin, 2,3 faizini Səudiyyə Ərəbistanı, 1,6 faizini Ukrayna, 1,3 faizini Türkmənistan, 1,1 faizini Almaniya, 1 faizini isə Böyük Britaniya vətəndaşları təşkil edib.
Digər ölkələrin vətəndaşlarının və vətəndaşlığı olmayan şəxslərin payı 12,6 faiz olub.
Gələnlərin 67,4 faizini kişilər, 32,6 faizini qadınlar təşkil edib.
Avropadan gələnlərin sayı artıb
2025-ci ilin yanvar-iyul ayları ilə müqayisədə 2026-cı ilin eyni dövründə Avropa İttifaqına üzv ölkələrdən Azərbaycana gələnlərin sayı 8 faiz artaraq 65,9 min nəfər olub.
MDB ölkələrindən gələnlərin sayı 1,6 faiz artaraq 531,3 min nəfərə çatıb.
Körfəz ölkələrindən gələnlərin sayı 32,8 faiz azalaraq 159,5 min nəfər, digər ölkələrdən gələnlərin sayı isə 10,8 faiz azalaraq 585,9 min nəfər təşkil edib.
Azərbaycana gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin 72,4 faizi hava, 26,2 faizi dəmir yolu və avtomobil, 1,4 faizi isə dəniz nəqliyyatından istifadə edib.












