Girnə sahillərində gəmi faciəsi: Ölənlərin sayı 12-yə çatdı
Şimali Kipr Türk Respublikasının (ŞKTR) Girnə sahillərində avqustun 30-da batan “Filo Jet” sərnişin gəmisində ölənlərin sayı 12-yə yüksəlib. Hazırda 16 nəfərin axtarışı davam edir.
1news.az Türkiyə mediasına istinadən xəbər verir ki, ŞKTR-nin Baş naziri Ünal Üstel bildirib ki, son əməliyyatlar zamanı daha iki qadının cəsədi aşkarlanıb.
Məlumata görə, gəmidə 259 sərnişin və 8 heyət üzvü olmaqla ümumilikdə 267 nəfər olub. Gəmi Girnədən Mersinin Taşucu limanına yola düşdükdən qısa müddət sonra su alaraq batıb.
Türkiyə və ŞKTR ekipajlarının apardığı axtarışlar nəticəsində gəminin 550 metr dərinlikdəki qalıqları müəyyən edilib. Əməliyyatlar uzaqdan idarə olunan sualtı aparatlar vasitəsilə 24 saatlıq rejimdə davam etdirilir.
Faciə ilə bağlı hüquqi və texniki araşdırmalar da davam edir. Gəminin səfərə çıxmasına icazə verən liman rəsmilərinin vəzifədən uzaqlaşdırıldığı, “Filo Denizcilik” şirkətinin ŞKTR-dən həyata keçirdiyi səfərlərin isə dayandırıldığı bildirilib.












