Nazir müavini: İqlim dəyişikliyi sabahın xəbərdarlığı deyil, bugünün sərt reallığıdır
“Nepal və Çində baş verən dağıdıcı daşqınlar və torpaq sürüşmələri insanların faciəvi şəkildə həlak olmasına və böyük iztirablara səbəb olub”.
1news.az xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının IV İqlim Həftəsi (CW4) və “Baku Climate Action Week 2026” çərçivəsində çıxışı zamanı deyib.
O bildirib ki, bu faciə iqlim dəyişikliyinin artıq sabah üçün xəbərdarlıq olmadığını bir daha xatırladır:
“Bu, milyonlarla insan üçün bugünün sərt reallığıdır. “El-Ninyo” kimi amillərin təsiri ilə daha da güclənən ekstremal hava hadisələri bu gün təkcə ətraf mühit üçün deyil, həm də iqtisadiyyatımız, təhlükəsizliyimiz və sağlamlığımız üçün ciddi təhdid yaradır”.
Nazir müavininin sözlərinə görə, iqlim böhranı yalnız dayanıqlılığımızı deyil, diplomatiyanın özünü də sınağa çəkir.
“Geosiyasi gərginliyin, parçalanmanın və etimad səviyyəsinin azaldığı bir dövrdə iqlim dəyişikliyi heç bir ölkənin təkbaşına öhdəsindən gələ bilməyəcəyi çağırış olaraq qalır. COP29-a ev sahibliyi etmək təcrübəmiz aydın şəkildə göstərdi ki, ən mürəkkəb şəraitdə belə nəticələr əldə edə bilərik”, - deyə Y.Rəfiyev vurğulayıb.
O qeyd edib ki, konsensus təxminən 200 iştirakçı dövlətin bütün məsələlərdə tamamilə eyni mövqedə olması demək deyil.
“Bu, müxtəlif milli reallıqların vahid istiqamətdə irəliləyə biləcəyi ortaq nöqtənin axtarılması deməkdir. COP31-ə – Antalyada keçiriləcək konfransa doğru irəlilədikcə bu yanaşma olduqca vacib olacaq”, - deyə nazir müavini bildirib.
Foto: Nadir İbrahimli












