İran ABŞ-nin iki hərbi gəmisini ballistik raketlərlə vurduğunu açıqlayıb
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (KİS) ABŞ Hərbi-Dəniz Qüvvələrinə məxsus iki döyüş gəmisini ballistik raketlərlə hədəfə aldığı açıqlanıb.
1news.az Anadolu Agentliyinə (AA) istinadən xəbər verir ki, bu barədə KİS-in yaydığı yazılı açıqlamada bildirilib.
Açıqlamaya görə, “USS Delbert D. Black” (DDG-119) və “USS John Paul Jones” (DDG-53) adlı iki ABŞ döyüş gəmisi hücuma məruz qalıb və nəticədə onlara ciddi ziyan dəyib.
KİS iddia edib ki, seyir raketləri və “Aegis” hava hücumundan müdafiə sistemi ilə təchiz olunan gəmilər ballistik raket zərbələri nəticəsində ağır zədələnib.
İran 8 tanker və 10 gəminin də hədəfə alındığını bildirib
İranın yarı-rəsmi Mehr agentliyinin məlumatına görə, KİS ABŞ ordusunun Fars körfəzində 5 İran tankerinə hücumuna cavab olaraq həyata keçirilən əməliyyatla bağlı açıqlama yayıb.
Açıqlamada bildirilib ki, bölgədə ABŞ-a məxsus 2 gəmi və 8 tanker hədəfə alınıb. İran tərəfi həmin obyektlərə ciddi ziyan dəydiyini iddia edib.
Bundan əlavə, ABŞ ordusunun təhriki və dəstəyi ilə Hörmüz boğazının “qadağan olunmuş zonasından” keçməyə cəhd edən 10 gəminin də hədəfə alındığı bildirilib.
KİS qeyd edib ki, hazırda Hörmüz boğazına nəzarət və müşahidə İran İslam İnqilabı Keşikçiləri Korpusunun donanması tərəfindən həyata keçirilir.
Qeyd edək ki, İranın ABŞ hərbi gəmilərinə və digər dəniz nəqliyyatı vasitələrinə zərbələr endirməsi ilə bağlı açıqladığı məlumatlar hələlik müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.











