İsveçdən miqrantlara 37 min dollarlıq təklif: Pulu alın, ölkəni tərk edin
İsveç hökuməti Avropa İttifaqına daxil olmayan ölkələrdən gələn miqrantları ölkəni könüllü şəkildə tərk etməyə təşviq edir. Proqrama əsasən, ölkədən gedənlərə adambaşına 37 min dollara qədər ödəniş ediləcək.
1news.az xarici mediaya istinadən xəbər verir ki, Təxminən 1,3 milyard İsveç kronu büdcəsi olan proqrama ilin əvvəlindən 200 nəfərdən az şəxs müraciət edib.
Bir vaxtlar liberal miqrasiya siyasəti ilə tanınan İsveç son illərdə qaydaları sərtləşdirib. Sağ koalisiya hökuməti və onu dəstəkləyən ifrat sağçı İsveç Demokratlarının təzyiqi ilə miqrasiyanın məhdudlaşdırılması istiqamətində yeni tədbirlər həyata keçirilir.
Miqrasiya üzrə ekspertlər proqramın kütləvi geri dönüşə səbəb olacağına şübhə ilə yanaşır və təşəbbüsü daha çox siyasi xarakterli addım kimi qiymətləndirirlər.
İsveç hökuməti bununla yanaşı, daimi yaşayış icazələrinin ləğvi və müvəqqəti icazələrin hər üç ildən bir yenidən nəzərdən keçirilməsi kimi daha sərt tədbirləri də gündəmə gətirib.












