Monteneqro noyabrın 1-dən Türkiyə vətəndaşlarından viza tələb edəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Monteneqro noyabrın 1-dən Türkiyə vətəndaşlarından viza tələb edəcək

First News Media10:47 - Bu gün
Monteneqro noyabrın 1-dən Türkiyə vətəndaşlarından viza tələb edəcək

Monteneqro Avropa İttifaqının (Aİ) viza siyasətinə uyğunlaşma prosesi çərçivəsində 1 noyabr 2026-cı ildən Türkiyə vətəndaşları üçün viza rejimi tətbiq edəcək.

1news.az xəbər verir ki, hazırda Türkiyə vətəndaşlarının vizasız səfər edə bildiyi Monteneqroda yeni qayda Türkiyə ilə yanaşı Belarus, Çin, Rusiya və Səudiyyə Ərəbistanı vətəndaşlarına da şamil olunacaq.

Hazırda qüvvədə olan qaydalara əsasən, Türkiyə vətəndaşları Monteneqroda 30 günədək vizasız qala bilirlər.

Yeni qərara əsasən, vizasız giriş imkanı oktyabrın 31-də başa çatacaq. Beləliklə, noyabrın 1-dən Monteneqroya səfər etmək istəyən Türkiyə vətəndaşlarından viza tələb olunacaq.

Vizasız qalma müddəti 90 gündən 30 günə endirilmişdi

Monteneqro hökuməti 2025-ci il oktyabrın 25-də paytaxt Podqoritsada Monteneqro vətəndaşının bıçaqlanması hadisəsinin Türkiyə vətəndaşları ilə əlaqələndirilməsindən sonra Türkiyə vətəndaşları üçün vizasız səfər rejimini müvəqqəti dayandırmışdı.

Qərar dekabrın 23-də ləğv edilsə də, Türkiyə vətəndaşlarının vizasız qalma müddəti 90 gündən 30 günə endirilmişdi.

Monteneqroya ildə 320 min Türkiyə vətəndaşı səfər edir

“Euronews”un məlumatına görə, Adriatik dənizi sahilində yerləşən Monteneqro vizasız səfər imkanına görə Türkiyə vətəndaşlarının tez-tez üstünlük verdiyi turizm istiqamətlərindən biridir.

2025-ci ilin fevralında açıqlanan rəsmi məlumatlara əsasən, hər il təxminən 320 min Türkiyə vətəndaşı Monteneqroya səfər edir.

Monteneqronun daxili işlər naziri Danilo Şaranoviç 2025-ci ilin sonunda ölkədə müvəqqəti və ya daimi yaşayış icazəsi olan təxminən 100 min əcnəbinin bulunduğunu, onların 13 mininin Türkiyə vətəndaşı olduğunu açıqlamışdı.

Monteneqro rəsmiləri ölkədə şirkət yaradan və ya iş axtaran Türkiyə vətəndaşlarının sayında da artım olduğunu bildiriblər.

Paylaş:
70

Son xəbərlər

Bütün xəbərlər