Bir ayda at arabalarının iştirakı ilə qəzalarda 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb – XƏBƏRDARLIQ
Məhsul yığımı ilə əlaqədar ümumi istifadədə olan yollarda at arabalarının hərəkəti intensivləşib.
1news.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsi at arabalarını idarə edən şəxslərə müraciət edərək, yol hərəkəti qaydalarına ciddi əməl etməyə çağırıb.
Qeyd olunub ki, təhlükəsizlik qaydalarına riayət edilməməsi bu nəqliyyat vasitələrinin iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin artmasına səbəb olur.
Belə ki, son bir ay ərzində at arabalarının iştirakı ilə baş verən qəzalarda 1 nəfər həyatını itirib, 3 nəfər isə xəsarət alıb.
Sentyabrın 22-də Cəlilabad rayonunda sutkanın qaranlıq vaxtında minik avtomobili ilə at arabasının toqquşması nəticəsində arabada olan 3 nəfər xəsarət alıb.
Sentyabrın 27-də Bərdə rayonunda baş verən yol-nəqliyyat hadisəsində isə at arabasını idarə edən şəxs həyatını itirib.
Baş Dövlət Yol Polisi İdarəsi bildirir ki, bu hadisələr at arabalarının yollarda hərəkəti zamanı təhlükəsizlik tələblərinə laqeyd yanaşılmasının ağır nəticələrə səbəb ola biləcəyini bir daha göstərir.
Qaydalara əsasən, ümumi istifadədə olan yollarda at arabalarını 14 yaşına çatmış şəxslər idarə edə bilərlər.
At arabaları yolun sağ kənar zolağında, mümkün qədər sağ tərəflə və bir cərgədə hərəkət etməlidir.
Görünmə məhdud olan yerlərdə yola bitişik ərazidən və ya ikinci dərəcəli yoldan əsas yola çıxarkən araba sürücüsü heyvanı cilovundan tutaraq aparmalıdır.
At arabaları işıq əks etdirən qurğularla təchiz edilməli, onların sürücüləri svetoforun və nizamlayıcının işarələrinə, yol nişanlarının və yol nişanlanma xətlərinin tələblərinə əməl etməlidirlər.
Həmçinin sutkanın qaranlıq vaxtında və ya məhdud görünmə şəraitində at arabalarının dəmir yollarından keçirilməsinə yol verilmir.
Baş Dövlət Yol Polisi İdarəsi at arabalarını idarə edən şəxsləri yol hərəkəti qaydalarına ciddi əməl etməyə, xüsusilə sutkanın qaranlıq vaxtında görünmə və təhlükəsizlik tələblərinə diqqətlə yanaşmağa çağırıb.












