Fərhad Məmmədov: Uşaqlarımız kənardan yönəldilən dini təsirlərin istismar obyektinə çevrilməməlidir
““Ən səmimi İslam dünyəvi cəmiyyətdə yaşanır” - bu fikir tarixi təcrübəyə, müasir reallıqlara və İslamın insanın Allahla münasibətlərinə aid şəxsi mahiyyətinə əsaslanır”.
1news.az xəbər verir ki, bunu BMTMM İdarə Heyəti sədrinin müavini Fərhad Məmmədov öz sosial şəbəkə hesabında qeyd edib.
O bildirib ki, tarixi təcrübə göstərir ki, Peyğəmbərdən (s.ə.s.) və dörd raşidi xəlifədən sonra İslam hökmdarlar tərəfindən dövlətlərin sərhədlərini genişləndirmək, xalqları tabe etmək və təsir dairələrini artırmaq məqsədilə istismar olunub.
“Tarixdə belə hallar baş verir, çünki dövlətin maraqları dini öz xidmətinə tabe edir.
Müasir dövrdə isə İslam siyasi məqsədlər naminə ən eybəcər şəkildə istismar olunur. Azərbaycan da məhz bu kontekstdə davamlı hücumlara məruz qalan ölkələrdən biridir. Cənub qonşularımız rifah cəmiyyəti təbliğatına böyük səy göstərirlər, halbuki öz ölkələrində həmin rifahın nümunəsini ortaya qoya bilmirlər. İctimaiyyət qarşısına çıxmayan ali rəhbərin adından idarə olunan hərbi xunta, şübhəsiz ki, ideal İslam idarəçiliyi nümunəsi deyil”, - deyə o qeyd edib.
F.Məmmədovun sözlərinə görə, Azərbaycan dünyəvilik yolunu şüurlu şəkildə seçib və bu seçim əsrlər boyu formalaşan tarixi təcrübənin nəticəsi olmaqla yanaşı, strateji xarakter daşıyır.
“Dünyəvilik səmimi İslam üçün şərait yaradır. Belə ki, hər bir insan müəyyən yaşa çatdıqda Allahla münasibətlərində şüurlu seçim edə bilir. Bu yaş 18, 30, 45, 60 ola bilər, hətta insan ölüm yatağında olarkən də belə bir seçim edə bilər. Hər kəsin Allaha gedən öz yolu var və hər kəs Allah qarşısında yalnız özünə görə cavabdehdir.
İslamda insanla Allah arasındakı münasibətlər müəyyən edilib və bu münasibətlər dünyəvi prinsiplərlə tamamilə uzlaşır. Dünyəvi dövlət olan Azərbaycan öz həyat tərzini özü müəyyənləşdirir”, - deyə sədr müavini vurğulayıb.
O, müəllimlər və şagirdlər üçün vahid məktəbli geyimi məsələsinin siyasiləşdirildiyini də diqqətə çatdırıb. Bildirib ki, bu təşəbbüsün məqsədi məktəb təhsilində vahid yanaşmanın təmin edilməsi və gənc nəslin şüurunda ədalət hissinin formalaşdırılmasıdır.
“Burada vətəndaşların gündəlik həyatına hər hansı məhdudiyyət qoyulmasından əsər-əlamət belə yoxdur.
Dini dəyərlər üzərindən manipulyasiya yolverilməzdir. Uşaqlarımız kənardan yönəldilən dini təsirlərin istismar obyektinə çevrilə bilməz və çevrilməməlidir. Belə təsirlər mövcuddur və məqsədyönlü xarakter daşıyır. Sosial şəbəkələrdə yüzlərlə səhifə və profil yaradılıb. Onlar informasiya təxribatları ilə məşğul olur, cəmiyyətimizə qarşı informasiya diversiyası həyata keçirirlər”, - deyə F.Məmmədov bildirib.
O əlavə edib ki, Azərbaycanda dünyəvilik kənardan sırınan və dini bilikləri yarımçıq olan din xadimlərinin təlqin etdiyi İslamı deyil, səmimi İslamı təmin edir.
“Azərbaycanda İslam hər bir insanın şüurlu seçimidir”, - deyə Fərhad Məmmədov fikirlərini yekunlaşdırıb.








