Bir şəhərdə 189 ölkə: Bakı futbol tarixində misilsiz turnirə ev sahibliyi edir | 1news.az | Xəbərlər
İdman

Bir şəhərdə 189 ölkə: Bakı futbol tarixində misilsiz turnirə ev sahibliyi edir

1news Redaksiyası15:56 - Bu gün
Bir şəhərdə 189 ölkə: Bakı futbol tarixində misilsiz turnirə ev sahibliyi edir

Bu gün Azərbaycanın paytaxtında 15 yaşadək yeniyetmələr arasında ilk FİFA dünya çempionatı və festivalı start götürür. Təmsil olunan ölkələrin sayına görə bu, planetin ən böyük futbol hadisəsidir və onun ilk səhifəsi əbədi olaraq Bakının adına yazılacaq.

Oktyabrın 24-də Bakıda futbol tarixində indiyədək mövcud olmayan bir yarış başlayır. U-15 FİFA dünya çempionatı və festivalı ilk dəfə keçirilir və onun yaradılması barədə qərarı FİFA Şurası cəmi ötən ilin dekabrında qəbul edib. Azərbaycanda hazırlıq işləri Prezident İlham Əliyevin 2026-cı ildə 15 yaşadək oğlanlar arasında ilk dünya çempionatı və futbol festivalının keçirilməsi üzrə tədbirlər haqqında Sərəncamına uyğun olaraq aparılıb.

Bu turnirin miqyasını rəqəmlərlə təsəvvür etmək yerinə düşər. Dünyanın 189 ölkəsindən FİFA-ya üzv assosiasiyaları təmsil edən dörd minə yaxın gənc futbolçu, məşqçi və rəsmi şəxs Bakıya toplaşıb. Hövsan kompleksinin on meydançasında altı oyun günü ərzində minə yaxın matç keçiriləcək — gün ərzində təxminən yüz altmış, ən pik saatlarda isə eyni vaxtda iyirmiyədək qarşılaşma baş tutacaq.

Müqayisə üçün: 48 komandaya qədər genişləndirilmiş 2026-cı il dünya çempionatında 48 ölkənin yığması mübarizə aparırdı. Bakıdakı turnir isə 189 ölkəni — yəni bütün FİFA üzvlərinin təxminən onda doqquzunu bir araya gətirib. Təmsil olunan dövlətlərin sayına görə bu, bir həftəyə və bir idman kompleksinə sığdırılmış Olimpiya miqyaslı bir hadisədir.

Növbəti turnir deyil, tarixi premyera

Burada gözdən qaçırılması asan olan çox mühüm bir fərq var. Adətən şəhərlər və ölkələr çoxdan mövcud olan yarışların növbəti mərhələsini keçirmək hüququ uğrunda mübarizə aparırlar: Çempionlar Liqasının finalı, Avropa çempionatı, dünya birinciliyinin oyunları. Qalib gələn tərəf başqasının təqviminə daxil olur və onlarla sələfinin yanında öz yerini tutur.

U-15 dünya çempionatı nümunəsində isə heç bir sələf yoxdur. Turnir öz tarixini sıfırdan başlayır və müasir Olimpiya Oyunlarının tarixində Afina, dünya çempionatları tarixində isə Montevideo qaldığı kimi, bu turnirin də ilk sətirində həmişəlik Bakının adı həkk olunacaq. 2027-ci ildən etibarən turnir qızlar arasında keçiriləcək, 2028-ci ildən isə assosiasiyalar hər iki komanda ilə iştirak edə biləcək. Gələcəkdə neçə belə turnir keçirilsə də, başlanğıc nöqtəsi məhz 2026-cı ilin oktyabrı, Azərbaycan olacaq.

Yarışın fəlsəfəsi də öyrəşdiyimiz formatdan xeyli fərqlənir. Turnir elə qurulub ki, hər kəs oynasın: komandalar altı diviziona bölünüb, məğlubiyyətdən sonra heç kim mübarizəni dayandırmır və hər bir yığma ən azı doqquz matç keçirir. FİFA-nın qlobal futbol inkişafı üzrə rəhbəri Arsen Venger bu ideyanı sadə şəkildə izah edib: istedad hər yerdə var, lakin gənc oyunçuların heç də hamısı beynəlxalq səviyyəyə çıxmaq üçün bərabər imkanlara malik deyil.

Bunun üçün nə inşa olunub?

Turnirin əsas məkanı zəruri infrastrukturun yaradıldığı Hövsan kompleksi olub: iki cərgədə yerləşən on meydança, xidməti zona, avtodayanacaqlar və giriş yolları. Açılış matçı və final qarşılaşmaları isə «Baku Crystal Hall»da keçiriləcək.

Vahid komanda kəndi şəklində yaşayan dörd min insanı yerləşdirmək, onlara xidmət göstərmək və oyunların sayının yüzlərlə ölçüldüyü qrafikin fasiləsiz işini təmin etmək ayrıca bir vəzifədir. Turnirin xidmətinə AFFA-nın FİFA ilə birlikdə sentyabrdan etibarən seçimini apardığı 250-yə yaxın könüllü cəlb olunub.

Belə sıx qrafikli turnir böyük tribunalardan daha çox idarəçilik dəqiqliyi tələb edir: eyni anda iyirmi matçın keçirilməsi, hakim briqadalarının, tibbi xidmətlərin, nəqliyyat və qidalanmanın sinxron fəaliyyəti dünyanın az sayda şəhərinin öhdəsindən gələ biləcəyi bir tapşırıqdır.

Bu işin koordinasiyasını Baş nazirin müavini Samir Şərifovun rəhbərlik etdiyi Təşkilat Komitəsi təmin edib.

Futbol ictimaiyyəti tərəfindən hazırlıq prosesinə AFFA-nın prezidenti Rövşən Nəcəf rəhbərlik edib. Onun fəaliyyətini sentyabr ayında FİFA prezidenti Canni İnfantino da xüsusi vurğulamış, dəstəyə və liderliyə görə təşəkkürünü bildirmişdi. Məhz bu ahəngdar iş sayəsində Bakı turnirin startına tam hazır vəziyyətdə çıxıb.

Niyə məhz Bakı?

Tarixdə ilk dəfə təşkil edilən turnirin sahibi kimi Azərbaycanın seçilməsi qanunauyğundur və bu, Prezident İlham Əliyevin iki onillik ərzində yürütdüyü ardıcıl dövlət siyasətinin məntiqi nəticəsidir: bütün ölkə boyu müasir idman infrastrukturunun qurulması, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və istənilən miqyaslı tədbiri təşkil etməyə qadir bir ölkə reputasiyasının formalaşdırılması.

Təcrübə özü hər şeyi deyir. 2015-ci ilin iyununda Bakı tarixdə ilk Avropa Oyunlarını qəbul etdi — 50 milli olimpiya komitəsi, altı minə yaxın idmançı, iyirmi idman növü. 2016-cı ildə şəhərdə ilk dəfə «Formula 1» Qran-prisi keçirildi və o vaxtdan ənənəvi xarakter aldı. 2019-cu ildə Bakı Olimpiya Stadionu Avropa Liqasının finalına, 2021-ci ildə isə Avropa çempionatının oyunlarına ev sahibliyi etdi.

Azərbaycanda keçirilən mötəbər tədbirlər çoxdan sırf idman çərçivəsindən çıxıb. 2024-cü ilin noyabrında Bakı dünyanın ən böyük beynəlxalq tədbirlərindən birinə — BMT-nin İqlim Dəyişmələri üzrə 29-cu Konfransına (COP29) ev sahibliyi etdi; on minlərlə iştirakçını və demək olar ki, bütün dünya dövlətlərinin nümayəndə heyətlərini bir araya gətirdi və məhz burada illik 300 milyard dollar məbləğində iqlim maliyyələşdirilməsi üzrə yeni hədəf razılaşdırıldı.

Onu da xatırladaq ki, 2015-ci il Avropa Oyunları da öz növündə ilk idi. Beləliklə, Azərbaycan artıq ikinci dəfə yeni beynəlxalq idman yarışının tarixinin başladığı nöqtəyə çevrilir — bu isə növbəti turniri keçirmək hüququndan tamamilə fərqli, başqa səviyyəli bir etimaddır.

Əvvəlki kimi olmayan dünya xəritəsi

Cəmi bir nəsil əvvəl ən mötəbər futbol tədbirlərinə ev sahibliyi edən şəhərlərin siyahısı qısa və demək olar ki, dəyişməz idi; dünya səviyyəli turnirləri qəbul etmək hüququ isə faktiki olaraq bir neçə Avropa və Cənubi Amerika paytaxtının imtiyazı olaraq qalırdı.

Bu gün həmin xəritə tamamilə fərqli görünür. 2026-cı il dünya çempionatına ABŞ, Kanada və Meksika ev sahibliyi etdi, 2034-cü il dünya çempionatı Səudiyyə Ərəbistanında keçiriləcək, gələn il isə Azərbaycan və Özbəkistan birlikdə 20 yaşadək futbolçular arasında dünya çempionatını qəbul edəcək. Futbol artıq mərkəzi xəritədəki bir neçə nöqtəyə bağlı olan oyun olmaqdan çıxıb.

Bu gün Bakının ətəklərində start götürən turnir bunun əyani sübutudur. Hövsanın on meydançasında 189 dövlət bayrağı, bütün qitələrdən dörd min yeniyetmə, altı gündə min oyun. Bu yeniyetmələrin əksəriyyəti üçün bu həftə həyatlarında ilk beynəlxalq sınaq və təcrübə olacaq — və onlar bu təcrübəni məhz Azərbaycanda qazanacaqlar.

Paylaş:
190

Son xəbərlər

Bütün xəbərlər