1news.az

COVID-19-un ikinci dalğası: Avropa karantini geri qaytarır, Səudiyyə Ərəbistanı Həcc ziyarətini ləğv edir – FOTO – VİDEO

24 İyun saat 15:16 ~ 5 dəqiqəlik oxu 9260
COVID-19-un ikinci dalğası: Avropa karantini geri qaytarır, Səudiyyə Ərəbistanı Həcc ziyarətini ləğv edir – FOTO – VİDEO

İspaniyanın Araqon vilayətində, Ueska əyalətində hökumət karantin tədbirlərini geri qaytarır – belə ki, orada koronavirus infeksiyasının yayılması aşkarlanıb.

Avropa İttifaqı üzvü olan ölkələrdə ilk dəfə olaraq, təcridolma aradan qaldırıldıqdan sonra – demək olar ki, dərhal yeni məhdudiyyətlər tətbiq olunur.

Mütəxəssislər hesab edirlər ki, koronavirus infeksiyası meyvə-tərəvəz toplayan mövsümi işçilər arasında yayılıb. Yoluxma İspaniyanın iki böyük şəhərində - ölkənin paytaxtı Madriddə, eləcə də Barselonada da tapılıb. Bu barədə "Euronews" reportajında deyilir.

Almaniyadakı vəziyyət də narahatlıq doğurur – yaxın gündlərdə Şimali Reyn-Vestfaliya bölgəsində yerləşən ən böyük ət emalı zavodunda 1,5 mindən çox yoluxmuş şəxs aşkarlandı.

“Əlbəttə, psixoloji baxımdan bu, çox çətindir. Ancaq insanlar vəziyyətin həqiqətən çətin olduğunu və bunun nizam-intizamdan asılı olduğunu daha yaxşı başa düşməyə başladılar” – deyə yerli sakin Berit Ryurup bildirib.

Mütəxəssislərin proqnozunun nə dərəcədə gerçəkləşəcəyini söyləmək çətindir, lakin digər tərəfdən yeni yoluxma ocaqları təkcə Avropa İttifaqında deyil, İngiltərədə, xüsusən də Şimali Uelsdə qeydə alınır.

İyunun 23-dən bəri Portuqaliya hökuməti Lissabonda və ətrafındakı bəzi fəaliyyətlərə məhdudiyyətləri artırdı. Restoran, bar, kafe və mağazalar üçün bir növ komendant saatı tətbiq olundu - onlar yalnız axşam 8-ə qədər işləyəcəklər. Bundan əlavə, insanlar 10 nəfərdən çox olmamaq şərtilə toplaşa bilər.

Bir neçə gün əvvəl Portuqaliyanın Böyük Britaniya ilə sözdə "hava körpüsü" açılan ilk Aİ ölkəsi ola biləcəyi bildirildi ki, bu, iki ölkə arasında heç bir karantin tədbirləri olmadan səyahət etmək imkanı deməkdir.

Bir ay ərzində - mayın sonundan iyunun sonuna qədər - Portuqaliyada koronavirusa yoluxmuşların sayı 9 min nəfəri keçdi. Ümumilikdə koronavirus 40 mindən bir qədər az yoluxmuş, 1,5 min xəstə üçün isə ölümlə nəticələndi.

RİA Novosti Bolqarıstan “Sofia Globe” nəşrinə istinadən xəbər verir ki, Bolqarıstan hakimiyyəti, qapalı ictimai yerlərdə məcburi qoruyucu maskalardan istifadəni yenidən tətbiq edib.

Bolqarıstan Səhiyyə Nazirliyinin rəhbəri Kiril Ananiyevin sözlərinə görə, məhdudlaşdırıcı tədbirlərə ümumi sərtləşdirmə fonunda qərar verilib. Buna səbəb son günlər ölkədə COVID-19-un yayılması ilə bağlı vəziyyətin pisləşməsi olub. Beləliklə, 15 günlük müddətdə (iyunun 7-dən 22-dək) ​​Bolqarıstanda aktiv yoluxanların sayı 626-a çatıb. Ananiyevin sözlərinə görə, bu, əksər vətəndaşların sanitariya normalarına ciddi riayət etməmələri ilə əlaqədardır.

Ölkədə kinoteatrlarda, teatrlarda, gecə klublarında, idman tədbirləri zamanı qapalı məkanlarda, habelə ictimai nəqliyyatda, xəstəxana və apteklərdə maska taxmaq məcburi olub. Kütləvi tədbirlərin keçirilməsinə məhdudiyyətlər tətbiq olunur.

Fotoda: Milandakı graffiti. Luca Bruno/ Associated Press

Qazaxıstanın Qostanay vilayətindəki epidemioloji vəziyyət son günlərdə pisləşib. Hər gün 50-100 yoluxma halı qeydə alınır. Simptomatik və asimptomatik halları nəzərə alaraq yoluxmuşların sayı 518 nəfərə çatıb. İyunun 8-dən 14-dək artım 26,5%, iyunun 15-dən 21-dək - 94% təşkil edib.

Bununla əlaqədar, iyunun 23-dən 30-dək karantin rejiminin gücləndirilməsi qərara alınıb.  Bölgədə məktəbəqədər təhsil müəssisələrinin və idman komplekslərinin fəaliyyəti dayandırılır, iaşə obyektləri onlayn rejiminə keçir.

Cənubi Koreya və İsrail də epidemiyanın ikinci dalğası ərəfəsində.

Seulun hökuməti yaxın üç gündə yeni infeksiyaların gündəlik artmasının 30 nəfərdən çox olduqda və ya xəstəxana çarpayılarının sayı ən azı 70% dolarsa, paytaxtda sosial məsafə rejiminin yenidən tətbiq oluna biləcəyi barədə xəbərdarlıq edib.

İsrailin COVID-19-la mübarizədə Milli İdarəetmə Mərkəzinə görə, epidemiyanın yeni dalğası birincisindən fərqlənəcək, ancaq o qədər də ciddi olmayacaq. Potensial olaraq yoluxma hallarının artması ölkədə ümummilli karantin tətbiq etmək təhlükəsi yaradır.

Fotoda: Madridin mərkəzindəki boş küçə, mart 2020. Müəllif: Carmen Hanson

TASS-ın Sky News Arabia telekanalına istinadla verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanı pandemiaya səbəbiylə bu il xaricdəki zəvvarlar üçün İslamın müqəddəs yerlərinə – Məkkə və Mədinədə edilən Həcc ziyarətini ləğv edilib. Səudiyyə Ərəbistanı ərəb ölkələri arasında koronavirusa yoluxanların sayına görə liderdir (161 mindən çox yoluxmuş, o cümlədən 1300 ölüm halı).

“Həcc ölkədə yaşayan müxtəlif millətlərdən olan çox az sayda zəvvarının iştirakı ilə reallaşacaq” - Krallığın rəsmiləri bildiriblər.

2020-ci ildə Ay təqviminə görə, Həcc iyulun sonuna düşür. Hər il bu mərasimlərdə 3 milyondan çox insan, o cümlədən xaricdən gələn 2 milyondan çox müsəlman iştirak edirdi.

Mövzu ilə əlaqədar oxuyun:

Dünyada COVID-19-la bağlı növbəti həyəcan siqnalı: yumşaltmalar yeni yoluxmalara səbəb oldu

Yenidən qadağa: hansı ölkələr yumşaldılma tədbirlərindən sonra sərt karantin rejiminə qayıdır? – FOTO

Koronavirus Qazaxıstanı yenidən bürüyüb: gün ərzində rekord sayda ölüm, yüzlərlə yeni xəstə – FOTO – VİDEO

Tərcümə: S.Xankişiyeva

 

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Dünya BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2020 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net