İlham Əliyev Xalq artistinin vəfatı ilə bağlı nekroloq imzaladı | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev Xalq artistinin vəfatı ilə bağlı nekroloq imzaladı

17:53 - 27 / 03 / 2020
İlham Əliyev Xalq artistinin vəfatı ilə bağlı nekroloq imzaladı

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Xalq artisti Rauf Babayevin vəfatı ilə bağlı nekroloq imzalayıblar.

1news.az-ın ölkə başçısının rəsmi saytına istinadən məlumatına görə, nekroloqda deyilir:

"Azərbaycanın mədəni ictimaiyyətinə ağır itki üz vermişdir. Azərbaycan musiqi sənətinin tanınmış nümayəndəsi, “Qaya” Dövlət Ansamblının bədii rəhbəri, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, xalq artisti Rauf Yusuf oğlu Babayev 2020-ci il martın 27-də ömrünün 83-cü ilində vəfat etmişdir.

Rauf Babayev 1937-ci il dekabr ayının 30-da Qərbi Azərbaycanda anadan olmuşdur. Bakı şəhərində orta məktəbi bitirdikdən sonra o, 1953–1957-ci illərdə Asəf Zeynallı adına Musiqi Məktəbində oxumuş, 1957–1962-ci illərdə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının zərb alətləri sinfində ali musiqi təhsili almışdır.

1957-ci ildən Azərbaycan Dövlət Rus Dram Teatrında musiqiçi kimi əmək fəaliyyətinə başlayan Rauf Babayev 1960–1962-ci illərdə Azərbaycan Dövlət Estrada-Simfonik Orkestrində solist-vokalçı, 1962–1964-cü illərdə Azərbaycan Dövlət Filarmoniyasının, 1965-ci ildə isə Dağıstan Dövlət Filarmoniyasının solisti kimi çalışmışdır. O, 1965-ci ildən yaradıcılıq taleyini “Qaya” estrada ansamblı ilə bağlamış, 1968-ci ilədək Azərbaycan Dövlət Filarmoniyasının “Qaya” estrada ansamblının vokalçısı, 1968–1972-ci illərdə Azərbaycan Radio və Televiziya Komitəsində “Qaya” kvartetinin, 1972–1987-ci illərdə “Qaya” dövlət ansamblının, 1987–2001-ci illərdə isə Bakı Şəhər Mədəniyyət İdarəsi nəzdində “Qaya” dövlət estrada-simfonik orkestrinin solist-vokalçısı olmuş, 2001-ci ildən “Qaya” dövlət orkestrinin, 2003-cü ildən “Qaya” dövlət ansamblının “Bəri bax” vokal qrupunun direktoru və bədii rəhbəri, 2007-ci ildən isə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Dövlət “Qaya” Ansamblının bədii rəhbəri işləmişdir.

Rauf Babayev ötən əsrin 60–80-ci illərində Azərbaycan estradasının ən məşhur qruplarından hesab olunan “Qaya” vokal-instrumental ansamblının yaradıcılarındandır. Sənətkar bir sıra caz festivallarında müvəffəqiyyətlə çıxış etmiş, beynəlxalq estrada və caz musiqisi müsabiqələrinin laureatı adını qazanmışdır. Respublikamızın hüdudlarından uzaqlarda çoxsaylı qastrol səfərləri zamanı böyük səhnələrdəki çıxışları ilə o, ölkəmizin müasir musiqi mədəniyyətini uğurla təmsil etmişdir.

“Qaya” ansamblının fəaliyyətinin 2001-ci ildən etibarən başlanan yeni mərhələsi Rauf Babayevin adı ilə bağlıdır. Sənətkarın bədii rəhbəri olduğu musiqi kollektivi öz ənənələrinə sadiq qalaraq, repertuarında geniş yer verdiyi Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərinin, həmçinin xalq mahnılarının estrada və caz üslubunda parlaq təqdimatı ilə dinləyicilərin xüsusi rəğbətini qazanmışdır.

Rauf Babayev 1995-ci ildən Leopold və Mstislav Rostropoviçlər adına musiqi məktəbində pedaqoji fəaliyyətlə məşğul olmuş, vokal sinfində istedadlı ifaçılar nəslinin yetişdirilməsi üçün bilik və bacarığını əsirgəməyərək gənc musiqiçi kadrların formalaşdırılması işinə töhfələr vermişdir. O, “Qaya” kvartetinin dəst-xəttini davam etdirən “Bəri bax” vokal qrupunun yaradıcısı və bədii rəhbəri idi.

Azərbaycanın musiqi mədəniyyəti xəzinəsinin zənginləşdirilməsində Rauf Babayevin xidmətləri layiqincə qiymətləndirilmişdir. O, 1978-ci ildə respublikanın Əməkdar Artisti, 2006-cı ildə Xalq Artisti fəxri adlarına layiq görülmüş, 2017-ci ildə isə müstəqil Azərbaycan Respublikasının ali dövlət mükafatlarından olan “Şöhrət” ordeni ilə təltif edilmişdir.

Tanınmış müğənni, mahir pedaqoq və səmimi insan Rauf Yusuf oğlu Babayevin xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.

Allah rəhmət eləsin!

İlham Əliyev

Mehriban Əliyeva

Əli Əsədov

Sahibə Qafarova

Samir Nuriyev

Eldar Əzizov

Əbülfəs Qarayev

Fərəh Əliyeva

Fərhad Bədəlbəyli

Siyavuş Kərimi

Firəngiz Əlizadə

Faiq Sücəddinov

Cavan Zeynallı

Yalçın Rzazadə

Salman Qəmbərov"

1news.az

Paylaş:
492

Son xəbərlər

İsveç səfiri “Avroviziya-2024” təmsilçilərimizlə görüşdüBu gün, 10:59AMB valyuta məzənnələrini açıqladıBu gün, 10:54“Jolly Joker”in ilk qlobal məkanı “Jolly Joker Bakı”da Yıldız Tilbe izdihamıBu gün, 10:45Qırğızıstan Prezidenti Azərbaycana gəlirBu gün, 10:38Atmosfer havasını çirkləndirən şadlıq sarayları cərimə olundu - ADLARBu gün, 10:22Ötən gün 20 kiloqrama yaxın narkotik aşkarlandıBu gün, 10:20“Bilirdim ki, bütün bunlar təsadüfi deyil...” - Bir dayçanın təsirli hekayəsi - VİDEOBu gün, 10:14Avtomobiliniz “Toyota 10” / “Lexus 10” zəmanəti üçün uyğundurmu?Bu gün, 10:01Baş nazir Azərbaycan İnvestisiya Holdinqinin iclasını keçirib, tapşırıqlar veribBu gün, 09:47Bu gün Şəki və Qəbələdə qaz olmayacaqBu gün, 09:19Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 08:54Sevinc Fətəliyeva: Azərbaycanın son illər qazandığı nailiyyətlər miqyası baxımından möhtəşəmdir23 / 04 / 2024, 20:33PAŞA Holding üçün taksi biznesində növbəti mərhələ23 / 04 / 2024, 18:12İlham Əliyev: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik23 / 04 / 2024, 17:50Tovuz dəmir yolu stansiyasında sərnişinlərin qəbulu dayandırıldı23 / 04 / 2024, 17:47Azad olunandan sonra Xankəndi şəhərində ilk körpə dünyaya gəlib - FOTO23 / 04 / 2024, 17:10Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb23 / 04 / 2024, 16:50Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik23 / 04 / 2024, 16:35Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur və birgə işləyə biləcəyimiz sahələri də artıq bilirik23 / 04 / 2024, 16:18“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi23 / 04 / 2024, 16:09
Bütün xəbərlər