Marjinalların mitinqi: nə üçün Əli Kərimli Bakını iflic vəziyyətinə salmaq istəyir? | 1news.az | Xəbərlər
Siyasət

Marjinalların mitinqi: nə üçün Əli Kərimli Bakını iflic vəziyyətinə salmaq istəyir?

14:40 - 18 / 10 / 2019
Marjinalların mitinqi: nə üçün Əli Kərimli Bakını iflic vəziyyətinə salmaq istəyir?

Məlum olduğu kimi, özünü Milli Şura adlandıran qurum oktyabrın 19-da növbəti dəfə mitinq keçirmək istəyi ilə Bakı Şəhər İcra Hakimiyyətinə müraciə edib. İcra Hakimiyyətindən isə onlara mitinq üçün Lökbatan qəsəbəsini təklif edib. Bu barədə şəhər rəhbərliyi oktyabrın 16-da təşkilatçılara məktub göndərib. Təşkilatçılar isə bununla razılaşmayaraq etiraz aksiyasının paytaxtın mərkəzində keçirilməsində israr edirlər.

Öz növbəsində Daxili İşlər Nazirliyi (DİN) və Baş Prokurorluq mitinq təşkilatçılarına xəbərdarlıq ediblər. Adıçəkilən qurumların birgə məlumatında bildirilir ki, son günlər sosial şəbəkələr üzərindən özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran quruma daxil olan partiya və birliklər, eləcə də özünü Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri kimi təqdim edən Əli Kərimli, həmin qurumun rəhbərliyində təmsil olunan şəxslər, habelə əvvəllər müxtəlif cinayətlər törətməklə saxta yollarla xarici ölkələrdə sığınacaq almış sosial şəbəkə istifadəçiləri tərəfindən oktyabrın 19-da “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə zidd olaraq Bakı metropoliteninin “28 May” stansiyasının önündə qanunsuz aksiya keçirilməsinə çağırışlar edilib.

Milli Şuranın oktyabrın 19-da saat 15-dən 17-dək mitinq keçirilməsi ilə bağlı müraciətinə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən baxılıb. “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 3-cü hissəsinin 2-ci bəndinə əsasən metropolitenin mühafizə zonalarında toplantıların keçirilməsi qadağan edildiyindən Şəhər İcra Hakimiyyəti tərəfindən mitinqin qeyd olunan vaxtda Bakı şəhəri, Lökbatan qəsəbəsi, 28 May küçəsi, “Neftçi” idman klubunun Qaradağ təlim idman bazasında keçirilməsi təklif edilib. Lakin buna baxmayaraq təşkilatçılar həmin vaxtda qanunla qadağan edilmiş yerdə, yəni metropolitenin qarşısında razılaşdırılmamış qanunsuz aksiya keçirəcəkləri barədə məlumatlar paylaşıblar.

Xatırladaq ki, Milli Şuranın oktyabrın 8-də Bakı Şəhər İcra Hakimiyyəti ilə Dövlət İqtisad Universitetinin inzibati binalarının arasında yerləşən ərazidə 50 nəfərin iştirakı ilə piket keçirilməsi Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmasına baxmayaraq, onların faktiki olaraq küçə yürüşü keçirməyə cəhd etməsi nəqliyyatın hərəkətinin iflic olmasına, ətrafdakı insanların haqlı narazılığına nəticə etibarı ilə ictimai asayişin pozulmasına səbəb olub. Lakin buna baxmayaraq, həmin hüquqazidd əməllərin qarşısı alınıb və qanunun tələblərini pozan şəxslər barəsində müvafiq tədbirlər görülüb.

Bütün bunlar AXCP rəhbərliyinin və həmin qanunsuz aksiyanın təşkilatçılarının əsas məqsədinin toplantı keçirmək deyil, əhalinin kütləvi toplaşdığı və qanunla qadağan edilmiş yerlərdə ictimai asayişin pozmaq olduğunu göstərir.

Daxili İşlər Nazirliyi və Baş Prokurorluq bəyan edir ki, qanunsuz kütləvi aksiyaya çağırış edən AXCP rəhbərliyi, həmin aksiyanın təşkilatçıları və iştirakçıları tərəfindən Bakı şəhər İcra Hakimiyyətinin təklif etdiyi yerdən kənar ictimai qaydanı pozmaqda və hakimiyyət nümayəndələrinin qanuni tələblərinə tabe olmamaqda ifadə olunan, əhalinin rahatlığını, müəssisə, idarə və təşkilatların normal fəaliyyətini və nəqliyyatın işini pozan qanunsuz hərəkətlərə yol veriləcəyi təqdirdə bütün məsuliyyət onların üzərinə düşəcək.

Bu səbəbdən də həmin şəxslərə bir daha xəbərdarlıq edilir ki, hüquq mühafizə orqanları tərəfindən qanunsuz əməllərin qarşısı qətiyyətlə alınacaq və qanunun tələblərini pozan şəxslər barəsində cinayət məsuliyyəti də daxil olmaqla qanunvericilikdə nəzərdə tutulmuş ən ciddi tədbirlər görüləcək.

Xatırladaq ki, Milli Şura oktyabrın 8-də Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) inzibati binası ilə Azərbaycan Dövlət İqtisad Universitetinin arasında yerləşən ərazidə piket keçirib. Piketə təşkilatın rəhbəri Cəmil Həsənli və AXCP sədri Əli Kərimli qatılmayıblar. 50 nəfərin iştirakı ilə keçirilən piketdə Milli Şuraya aksiya keçirilməsi üçün şəhərin mərkəzi ərazilərində yer verilməsi tələb edilib.

Əvvəlki aksiyalarda olduğu kimi bu dəfə də piket iştirakçılarından bəziləri aranı qarışdırmağa, təxribat törətməyə çalışıb. Belə ki, bir qrup cəbhəçi aksiya üçün nəzərdə tutulmayan ərazidə siyasi şüarlar səsləndirməyə, eləcə də ictimai asayişi pozmağa cəhd edib. Ərazidə xidmət aparan polis əməkdaşları onların təxribatçı cəhdlərinin qarşısını alıblar.

Ondan başlayaq ki, aksiyaya təyin olunmuş yerdə deyil, insanların intensiv hərəkət etdiyi, yaşayış olduğu dar səkidə start verildi. Bəzi aksiyaçılar nəqliyyatın fəaliyyətinə maneçilik törətməklə, məktəblilərin küçəni keçmələrinə problem yaratmaqla, müxtəlif şüarların səsləndirmələ ajiotaj yaratmağa cəhd etdilər.

Müvafiq icra hakimiyyəti ilə piketdə 50 nəfərin iştirakı barədə razılıq əldə olunsa da,  radikal müxalifət xüsusi öyrədilmiş adamlarla iştirakçıların sayını süni surətdə artırmaqla, guya, çoxlu sayda  tərəfdarlarının olması barədə rəy formalaşdırmaq istəyirdilər.

Piket iştirakçıları qanunun tələblərini kobud şəkildə pozmaqla yanaşı, razılaşdırmadan kənar, “piketə dəstək” adı altında qanunsuz çağırışlar edir və bu yolla küçədən keçənlərin diqqətini özlərinə cəlb etmək  istəyirdilər. Baş verənlər, qeydə alınan özbaşınalıq, paytaxtın mərkəzi küçələrində şəhər təsərrüfatına  vurulan ziyan, kommunal xidmətlərin tullantı qutularının dağıdılması və bununla da  antisanitariya  qaydalarının  pozulması radikal müxalifətin əsas məqsədinin heç də piket keçirmək yox, təxribat törətmək olduğundan xəbər verirdi.

Bir daha bu cür hadisələrin baş verməməsi üçün hüquq-mühafizə orqanları daha qətiyyətli addımlar atmalı, insanları asayişin, sabitliyin pozulmasına yönəlmiş addımlar atmağa səsləyən şəxslər barəsində cinayət məsuliyyəti də daxil olmaqla qanunvericilikdə nəzərdə tutulmuş ən ciddi tədbirlər görməlidirlər.

Bu dəfə də radikal müxalifət iflasa uğradı. İcazəli piketi normal keçirmək qabiliyyətində olmayan, 50 nəfəri idarə etməyə qabiliyyəti çatmayan AXCP və qonsarma “Milli Şura”nın ölkəni idarə etmək fikrinə düşməsi çox gülünc görünür. Onsuz da gülüş hədəfi olan, xalqın etimadını itirən radikal müxalifət bu dəfə də iç üzünü ortaya qoydu.

Buna baxmayaraq zəif təhsilli, marjinal ünsürlərdən ibarət bir dəstə olan AXCP-nin təxribatçı və trollarının başbilənlərinin geniş miqyaslı vətəndaş qarşıdurmasına səbəb ola biləcəyi və paytaxtın mərkəzi küçələrində kütləvi aksiyalara çevriləcəyi ümidi ilə təcavüzkar hərəkətlər etməyə çalışacağına şübhə yoxdur.

Bu ssenari yeni deyil - müxtəlif “demokratiya carçıları” tərəfindən Yaxın Şərq paytaxtlarının küçələrində dəfələrlə sınaqdan keçirilib. Bütün bunlar sonda necə başa çatdı, hamımız yaxşı xatırlayırıq - iqtisadiyyat üçün milyardlarla itki, turist itkisi, ölkə vətəndaşlarının normal həyat ritminin pozulması, dövlət sisteminin iflic olması.

Görünür bütün bunlar Əli Kərimlini heç maraqlandrmır. Belə olmasaydı oktyabrın 8-də keçirilmiş piketdə baş verənlərdən dərs çıxarardı. O isə bunun əksunə olaraq belə bir piketi “28 may” metrostansiyasının yaxınlığında keçirməyi planlaşdırır.

Şəhər mərkəzindəki iğtişaşlar təkcə daxili baxımdan ciddi təhlükə yaratmır, eyni zamanda ölkə iqtisadiyyatı üçün ciddi nəticələrə səbəb ola bilər. Reallıqdan uzaq şüarlar qışqıraraq küçələrdə dolaşan aqressiv marjinal elementlər turistlərin diqqətinə və ya sərmayələrin axınına arxalana bilməz. Pul sabit siyasi vəziyyəti olan ölkələrə yatırılır.

Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzov Milli Şuranı “Sərbəst toplaşmaq haqqında” qanunun tələblərini pozmaqda günahlandırıb. O  bildirib ki, aksiya başlamazdan əvvəl təyin olunmuş yerdə deyil, insanların intensiv hərəkət etdiyi, yaşayış olduğu dar səkidə müxtəlif şüarların səsləndirilməsi, ajiotaj yaratmaq cəhdləri qanunun tələblərinə zidd əməllər olmaqla yanaşı, həm də bu insanların niyyətlərinin öz etirazlarını bildirmək deyil, asayiş keşikçilərini təxribata çəkmək və problem yaratmaq olduğunu nümayiş etdirib:

“Təşkilatçılar öncədən Bakı Şəhər Baş Polis İdarəsinə dəvət edilib, onlara piketdə səsləndiriləcək şüarlar və digər məsələlərlə əlaqədar xəbərdarlıq olunub, lakin onlar yenə də piketin keçirilməsi zamanı qanuni tələblərə əməl etməyiblər. Kənarda əlində “Xalq sizinlədir, cənab Prezident İlham Əliyev” şüarı ilə dayanan bir nəfərə hücum, plakatın onun əlindən alınması və cırılması bu insanların destruktiv, dözümsüz, təxribatçı qaragüruh olduğunu, heç bir sivil mübarizə metodlarını tanımadığını göstərdi. Bunun özü də piketin təxribat xarakteri daşıdığını təsdiqləyir”.

Diqqət çəkən məqamlardan biri də tədbirin təşkilatçılarının, AXCP və Milli Şuranın rəhbərliyində duranların heç birinin bu aksiyada iştirak etməməsi oldu. Bu da belə düşünməyə əsas verir ki, onların məqsədi piketə ancaq müəyyən adamları təlimatlandıraraq göndərməklə təxribat yaratmaq, sonra bu görüntüləri çəkərək Avropa qurumlarına göndərmək olub.

Milli Şuranın aksiyalarında iştirak edənlərin kimlikləri də ayrıca müzakirə mövzusudur. Belə ki, kiçik araşdırma aparanda aydın olur ki, radikal müxalifətin mitinqlərinə savadı kifayət qədər olmayan, mənəviyyatı zəif, işləmək istəməyən, lakin hər şeyə sahib olmaq istəyən, ölkənin ictimai-siyasi həyatında heç bir rolu olmayan insanlar daha çox qatılırlar. Burada təəccüblü nəsə yoxdur. Çünki bu cür insanları öz çirkin əməllərinə alət etmək Milli Şura rəhbərləri üçün daha asandır.

Digər tərəfdən sual olunur, Milli Şurada təmsil olunan insanlar hansı üzlə, hansı haqla insanları hakimiyyətə qarşı qaldırmağa, onları öz arxalarınca getməyə çağırırlar? Əli Kərimlini hər kəs yaxşı tanıyır. Buna görə də onun barədə uzun uzadı yazmağa lüzum yoxdur. Sadəcə bir faktı qeyd etmək olar ki, hakimiyyət iddiasında olan bu insan hətta digər müxalifət partiyalarının daxili işinə belə müdaxilə etməkdən çəkinmir. Onun “Müsavat” partiyası başqanlığa namizəd olan Tofiq Yaqublunu çirkin yolla partiya sədri etmək cəhdi dediklərimizə əyani sübutdur. Planı iflasa uğrayan Əli Kərimli bu məsələdə cəbhəçi trolları təqsirlədirərək onları Tofiq Yaqublunu yaxşı təbliğ edə bilməməkdə günahlandırıb. Lakin Kərimlinin əsas qəzəbi İsa Qəmbərə yönəlib. Bu da İ. Qəmbərin qurultaydan qabaq açıq şəkildə Arif Hacılıya verdiyi dəstəklə bağlıdır. İsa Qəmbəri Lisa Qəmbər adlandıran Kərimli bundan sonra ona qarşı daha sərt mövqe nümayiş etdirəcəyini bildirib.

Əli Kərimlinin vaxtilə müavini olmuş Fuad Qəhrəmanlının həyat yoldaşına və qızlarına qarşı etdiyi zorakılıqlara göz yumması, hətta onun tərəfini tutması barədə yazmağa isə artıq ehtiyac yoxdur. Hər kəs bu məsələdə onun iç üzünü bir daha gördü. Riyakarcasına insan haqlarından, qadın hüquqlarından danışan, öz evində isə həyat yoldaşına və qızlarına qarşı zorakılıqlar törədən Fuad Qəhrəmanlının hərəkətlərinə göz yuman, ona dəstək verən bir insana insanlar necə güvənə, ona etibar edə bilər?

Bu gün Milli Şura məhz bu cür riyakar, öz maraqlarını güdən insanların toplaşdığı bir quruma çevrilib. Gültəkin Hacıbəyli buna ən gözəl nümunədir. Vaxtilə müxalifət tənqid edən, ona qarşı çıxan bu qadının indi müxalifətdə təmsil olunması, təşkil edilən mitinqlərdə fəal iştirak etməsinə nə ad vermək olar? Bir məsələ tam aydındır ki, bu cür insanlar üçün Vətən, xalq deyil, şəxsi maraqlar daha üstündür. Gültəkin Hacıbəylinin keçmiş qayınanası Nəhayət Məmmədova onun barəsində danışarkən “Gültəkin üçün müqəddəs heç nə yoxdur - nə Vətən, nə ailə, nə doğmaları. Onun məramı-məqsədi şəxsi mənafeləri üçün insanları şərləmək, kələk gəlmək və s. O, mənəvi dəyərlərini itirmiş birisidir” deməsi dediklərimizi bir daha sübut edir.

Belə görünür ki. xalqın etimadını itirmiş, ancaq şəxsi mənafeləri üçün çalışan Milli Şura üzvlərinin tutduqları yoldan dönəcəklərini gözləmək sadəlövhlük olar. Necə deyərlər, “qozbeli qəbir düzəldər”. Bir məsələ dəqiqdir ki, xalq artıq ağı qaradan seçməyi bacarır. Bilir ki, Milli Şuranın üzvlərinin söylədikləri sadəcə ağ yalandan başqa bir şey deyil.

1news.az

Paylaş:
1330

Son xəbərlər

“Azneft”in rəhbərini işdən çıxardı - Yeni təyinatBu gün, 12:41Mərkəzi Bank: Azərbaycanda manata inam qorunub saxlanılıbBu gün, 12:38Sabah qərb küləyi əsəcək - ProqnozBu gün, 12:22“Azərbaycan” gəmi-bərəsi yenidən istismara qaytarılıb - FOTOBu gün, 12:15Meşə fondu torpaqlarında bayram günlərində 100 mindən artıq ağac əkilibBu gün, 12:12Sumqayıtda qanunsuz tikili sökülüb - VİDEOBu gün, 12:10Ombudsman Xankəndidə erməni əsilli sakinlərlə görüşübBu gün, 11:59Ermənistanın Baş naziri “mühacir Qarabağ hökumətini” tanımadığını bildiribBu gün, 11:53Ağdərədə odlu silah-sursat aşkarlandıBu gün, 11:46DTX 105-ci ildönümünə həsr olunan videoçarx yayımlayıb - VİDEOBu gün, 11:29Mərkəzi Bank uçot dərəcəsini endiribBu gün, 11:14Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak üçün qeydiyyat elan edilibBu gün, 10:57Naxçıvanda avtomobil yolunda qaya uçqunu oldu - VİDEOBu gün, 10:38TKTA-dan xarici diplomların tanınmasındakı vacib məqamla bağlı ÇAĞIRIŞBu gün, 10:24Əli Nağıyev: Taleyinə aydınlıq gətirilmiş daha 73 itkinin adı yaxın günlərdə ictimaiyyətə açıqlanacaqBu gün, 10:21Xankəndidə 7 qumbara, 6 qumbaraatan tapılıbBu gün, 10:20Hərbi institutun kursantları ilə praktiki məşğələlər keçirilib - VİDEOBu gün, 10:13DTX rəisi: “Fransa Ermənistanı yeni müharibəyə təhrik edir”Bu gün, 10:10Tibbi tullantılarla təhlükəsiz davranış – sağlam gələcəyin zəmanətidirBu gün, 10:00Bakıda döyüş tətbiqinə yararlı əl qumbarası və UZRQM partladıcısı aşkarlanıb - FOTO - VİDEOBu gün, 09:59
Bütün xəbərlər