1news.az

Nəzakət Məmmədova: “İtaliya - Azərbaycan əlaqələri yeni inkişaf mərhələsinə keçir”

21 Fevral saat 13:41 ~ 4 dəqiqəlik oxu 353
Nəzakət Məmmədova: “İtaliya - Azərbaycan əlaqələri yeni inkişaf mərhələsinə keçir”

İtaliya G8 və NATO üzvü, iqtisadiyyatın inkişafına görə Avropanın dördüncü yerdə olan ölkəsidir. Avropa Birliyinin təsisçisi üzvlərindən biridir. İtaliya Əfqanıstan, Kosovo, Bosniya-Herseqovina və Livanda həyata keçirilən sülhməramlı əməliyyatlarda iştirakına görə ABŞ və Böyük Britaniyadan sonra üçüncü yeri tutur.

Bunu 1news.az-a açıqlamasında politoloq, beynəlxalq münasibətlər üzrə mütəxəssis Nəzakət Məmmədova Prezident İlham Əliyevin İtaliya Respublikasına səfərini şərh edərkən deyib.

Politoloq iki ölkə arasında əlaqələrin uzun tarixə söykəndiyini bildirərək, İtaliyanın Azərbaycanın Avropada ən qədim dövrlərdən diplomatik əlaqələr saxladığı ölkələrdən biri olduğunu diqqətə çatdırıb:

“İtalyanlar haqda belə bir müdrik kəlam var: “Onlar dünyanı üç dəfə fəth ediblər – birinci dəfə legionlarla, ikinci dəfə - Roma hüququ ilə, üçüncü dəfə - xristianlıqla”. Azərbaycan da bu təsirdən kənarda qalmayıb. Qədim Roma legionlarının Azərbaycana gəlməsi Qobustan kitabəsində öz əksini tapıb. Eləcə də, Roma hüququ müasir dünya ölkələri kimi Azərbaycanın da hüquq sisteminin əsasını təşkil edir. Xristianlıq isə qədim Azərbaycan dövləti olan Albaniyada dövlət dini kimi qəbul edilib.

Orta əsrlərdə Səfəvilər sarayında Venesiya və Genuya respublikalarının daimi elçilərinin olmasından başlayaraq ölkələrimiz diplomatik, hərbi, iqtisadi-ticarət əməkdaşlığınadək uzun bir tarixi yol keçib. İtaliya Azərbaycanın Avropada ən qədim dövrlərdən diplomatik əlaqələr saxladığı ölkələrdən biridir. ATƏT-in Minsk qrupunun üzvü olan İtaliya münaqişənin ilk vaxtlarından onun həlli üçün fəallıq göstərib. İtaliyalı diplomat Mario Rafaellinin bu sahədə fəaliyyəti xüsusilə yaddaqalan olub. İtaliya hazırda Azərbaycanla bir çox sahələrdə əməkdaşlıq edir. Avropada ən yaxın ticarət tərəfdaşımız olmaqla yanaşı İtaliya TANAP-TAP layihələrində aparıcı tranzit ölkələrdən biridir. Bu baxımdan prezident İlham Əliyevin İtaliyaya səfəri böyük əhəmiyyətə malikdir”.

N.Məmmədova Azərbaycan - İtaliya əlaqələrinin həm iqtisadi, həm də siyasi müstəvidə inkişaf etməsini və getdikcə güclənməsini xüsusi vurğulayıb:

“İtaliya prezidenti Matarellanın da qeyd etdiyi kimi 25 ildən çox mövcud olan diplomatik əlaqələr çərçivəsində İtaliya və Azərbaycan arasındakı münasibətlər müstəsna inkişafa nail olub. Bu, həmçinin öz baxışını Avro-Aralıq dənizi məkanına tutan və balanslaşdırılmış geosiyasi mövqeyinə görə güclü olan Bakının seçimi sayəsində mümkün olub. Xəzər dənizi və Aralıq dənizi arasında Azərbaycanın körpü rolunu oynaması digər tərəfdən də bu gün Cənub Qaz Dəhlizinin tamamlanmasına güclü təsir edir.

TAP layihəsi çərçivəsində Azərbaycan qazı İtaliyaya nəql ediləcək ki, bu da Avropa İttifaqı enerji siyasətinin əsası olan marşrutların və mənbələrin şaxələndirilməsi üçün önəmli bir göstəricidir. İtaliya Brüssel ilə yeni tərəfdaşlıq sazişinin imzalanması vasitəsilə Azərbaycan və Avropa İttifaqı arasında əlaqələrin daha da möhkəmlənməsinə müsbət baxır. Eyni istiqamətdə Bakı və Atlantik Tərəfdaşlıq Şurası arasındakı Aralıq dənizi sahəsində bütün maraqlı ölkələr üçün həyati əhəmiyyətə malik olan və stabilləşməyə töhfə verən sərfəli əməkdaşlıq davam edir”.

Dövlət səfəri çərçivəsində 20-dən çox sənədin imzalanmasının nəzərdə tutulduğunu deyən politoloq bu sənədlər içində Azərbaycan və İtaliya arasında “Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə”ni xüsusi qeyd edib:

“Bu sənəd münasibətlərimizi daha yüksək səviyyəyə qaldıracaq. Sənədin ən böyük əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycan və İtaliya bir-birilərinin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə dəstəyi bir daha təsdiqləyirlər. Prezident xüsusi vurğulayıb ki, sənəddə, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin bu prinsiplər əsasında həlli ilə əlaqədar birmənalı mövqe əks olunub. Bu prinsiplər BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi və təcavüzkar Ermənistanın qoşunlarının Azərbaycanın bütün işğal olunmuş torpaqlarından çıxarılmasını tələb edən qətnamələri ilə uzlaşır. Böyük Səkkizlik klubunun üzvü, dünya siyasətində aparıcı yer tutan İtaliyanın Qarabağ məsələsində Azərbaycanın haqq mövqeyini müdafiə etməsi mühüm əhəmiyyət kəsb edir.

İqtisadi-ticarət, enerji əməkdaşlığımız da yüksək səviyyədə inkişaf etməkdədir. Prezident İlham Əliyevin Romada bəyan etdiyi kimi 2019-cu ildə İtaliya ilə ümumi ticarət dövriyyəmiz 6 milyard dollardan artıq olub. İtaliyanın Cənubi Qafqaz ölkələri ilə ticarətinin 92 faizi Azərbaycanın payına düşür. Uzun illər Azərbaycan İtaliya istehlakçılarını xam neftlə təchiz edir, İtaliyada istehlak olunan neftin 17 faizi ölkəmizin payına düşür. Keçən il Azərbaycan İtaliyanın ən böyük xam neft təchizatçısı olub. Beləliklə, İtaliya - Azərbaycan əlaqələrinin Prezident İlham Əliyevin bu səfərindən sonra yeni inkişaf mərhələsinə keçəcəyi gözlənilir”.

1news.az

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Siyasət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2020 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net