Yaponiyada 7 bal gücündə zəlzələ olub
Noyabrın 14-də səhər saat 5:51 dəqiqədə Yaponiyanın cənubunda 7 bal gücündə zəlzələ baş verib, sunami təhlükəsi elan olunub.
1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, Milli Meteorologiya Agentliyinin yaydığı məlumatda bildirilir ki, 30 santimetr hündürlüyündə dalğalar artıq Tokara adasının (Kaqoşima prefekturası) sahillərinə çatıb.
Yereraltı təkanların episentri Saqa prefekturasından cənubda, ocağı isə 10 kilometr dərinlikdə yerləşib. Yerli meteoroloqlar dərhal sunami təhlükəsi barədə xəbərdarlıq edərək, sahil boyunca yerləşən əhalini evlərini tərk etməyə və daha hündür yerlərdə toplaşmağa çağırıblar.
Ümumilikdə zəlzələ Kaqoşima və Saqa prefekturaları daxil olmaqla 17 prefekturanın ərazisində hiss olunub. Güclü yeraltı təkanlar Yaponiyanın bu hissəsi üçün heç də ənənəvi deyil.
Təbii fəlakət nəticəsində baş vermiş dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir. Ölkənin cənubundakı digər rayonlarda da bir metr hündürlüyündə sunami dalğaları gözlənilir.
Zəlzələnin yaxınlığında yerləşən atom elektrik stansiyalarında heç bir ştatdan kənar vəziyyət qeydə alınmayıb. Bu barədə Yaponiyanın Atom Energetikasının Tənzimlənməsi Komitəsi məlumat yayıb.
1news.az