Vyanada Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd edilib - FOTO
Vyanada 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə tədbir keçirilib.
Tədbirdə Avstriyada məskunlaşmış soydaşlarımız, burada təhsil alan azərbaycanlı tələbələr və Azərbaycan səfirliyinin əməkdaşları iştirak ediblər.
Səfir Qalib İsrafilov qonaqlara Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü haqqında danışıb, bu günün ölkəmizin ilk rəsmi bayramlarından biri olduğunu və ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə təsis edildiyini qeyd edib.
Səfir başa çatmaqda olan 2015-ci ildə Azərbaycanda görülmüş işlərdən, sosial-iqtisadi inkişafdan bəhs edib, ölkəmizin həm iqtisadi, həm də siyasi baxımdan etibarlı tərəfdaş kimi qəbul olunduğunu diqqətə çatdırıb. O qeyd edib ki, bu gün Azərbaycan qarşılıqlı hörmət və maraqlar əsasında öz müstəqil siyasətini yürüdən ölkədir. Bu siyasətin tərkib hissələrindən birinin də dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızı azərbaycançılıq dəyərləri ətrafında birləşdirmək, onların diaspor kimi formalaşmasını təmin etməkdən ibarətdir. Səfir soydaşlarımızı Avstriya ilə əlaqələrin inkişafı, diaspora fəaliyyətinin gücləndirilməsi və Azərbaycanın bu ölkədə daha da yaxından tanıdılması üçün səylərini gücləndirməyə çağırıb.
Mərasimdə səfirliyin əməkdaşı Cəfər Hüseynzadə saksafonda dünyanın tanınmış musiqiçilərinin repertuarından musiqi parçalarını ifa edib, milli musiqi səsləndirilib.
AZƏRTAC