Pakistanın nüfuzlu jurnalında prezident İlham Əliyev haqqında məqalə dərc olunub
Prezident İlham Əliyevin ictimai-siyasi fəaliyyəti Pakistanda da böyük maraq doğurur.
1news.az-ın məlumatına görə, Pakistanın diplomatik dairələrində böyük nüfuza malik “Centreline” jurnalı və “Diplomatic News Agency ” informasiya agentliyinin 23 dekabr 2015-ci il buraxılışında tanınmış jurnalist, Avropa İttifaqı, Avropa Şurası, ATƏT, NATO və Qafqaz üzrə mütəxəssis Mubasşar Əhməd Battinin “İlham Əliyev: Biz mədəni və tarixi irsimiz ilə fəxr edirik” adlı məqaləsi dərc edilib.
Məqalədə 2015-ci ilin iyun ayında Azərbaycanda birinci Avropa Oyunlarının keçirilməsindən bəhs olunub, bu mötəbər yarışlarda iştirak edən Avropa qitəsindən olan altı min idmançı və on minlərlə idman azərkeşinin Azərbaycanın gözəlliyinə heyran olduğu vurğulanıb. Azərbaycan idmançılarının oyunlarda ikinci yer tutmaları isə sözün əsl mənasında hamı üçün gözlənilməz olub.
Məqalədə bu gün Azərbaycanın beynəlxalq arenada özünəməxsus yer tutduğu, regional miqyasda müsbət rol oynadığı qeyd olunub. Ölkənin bütün təşəbbüsləri regional əməkdaşlığın gücləndirilməsinə istiqamətləndirilib. Öz enerji təhlükəsiliyini tam şəkildə təmin etmiş Azərbaycan bu gün Avropanı enerji ilə təmin olunması istiqamətində irimiqyaslı layihələr icra etməkdədir.
Azərbaycanın beynəlxalq arenada oynadığı rol dünya ictimaiyyəti tərəfindən yüksək qiymətləndirlir və məhz bu səbəbdən Azərbaycan 155 ölkənin dəstəyini əldə edərək BMT TŞ-nın qeyri-daimi üzvü seçilib.
Pakistanlı jurnalist Azərbacanın bu uğurlarını ümummilli lider Heydər Əliyev və onun layiqli davamçısı İlham Əliyevin adı ilə bağlayıb. O, qlobal və regional lider ölkələrin maraqlarının toqquşduğu bir məkanda yerləşən Azərbaycanda bu kimi islahatlara nail olmuş liderin həyat yolunun nəzərdən keçirilməsinin maraqlı olduğunu bildirib.
Məqalədə məhz İlham Əliyevin 12 illik prezidentliyi dövründə Azərbaycanın Cənubi Qafqaz regionunda lider dövlətə çevrildiyi, Davos İqtisadi Forumunun məlumatına görə Azərbaycanın qlobal rəqəbətə davamlığa görə 38-ci sırada yer aldığı öz əksini tapıb.
Daha sonra jurnalist İlham Əliyevin 1995-ci ildə siyasətə qədəm qoyduğunu, Milli Məclisin deputatı kimi Azərbaycanı Avropa Şurasında təmsil etdiyini, 2003, 2008 2013- cü illərdə ardıcıl olaraq böyük səs çoxluğu ilə Azərbaycanın prezidenti seçildiyini vurğulayıb.
Yazıda, Azərbaycanın dünyada artmaqda olan nüfuzunun bu ölkədə Avrovision 2012, “Formula Qaran Prix 2016”, İslam Həmrəyliyi Oyunları 2017, futbol üzrə Avropa Kuboku kimi oyunların keçirilməsinə zəmin yaratdığı bildirilib.
Məqalədə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən bəhs edilərək, prezident İlham Əliyev tərəfindən bu məsələnin həlli istiqamətində göstərilən səylər barədə məlumatlar verilib.
Prezident İlham Əliyevin xarici siyasətindən bəhs edən yazar bu siyasətdə Pakistan ilə münasibətlərə xüsusi yerin ayrıldığını oxucuların diqqətinə çatdırıb. Jurnalist iki ölkənin bir-birinin mövqeyini tam dəstəklədiyini, cari ildə Pakistan prezidenti Məmnun Hüseynin Azərbaycana səfəri, səfər zamanı imzalanmış sənədlərin, keçirilmiş biznes forumunun bu əlaqələrə öz töhfəsini verdiyini qeyd edib.
Məqalənin sonunda prezident Məmnun Hüseynin səfəri çərçivəsində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Pakistanın ali “Hilal-e-Pakistan” ordeni ilə təltif olunmasının, Mehriban Əliyevanın gördüyü işlərin yüksək qiymətləndirilməsi ilə yanaşı Pakistan xalqının Azərbaycan xalqına olan böyük sevgisinin ismarıcı olduğu bildirilib.
1news.az