Səməd Seyidov: “İnanmıram ki, ABŞ Konqresində Azərbaycan əleyhinə hazırlanmış qanun layihəsi dəstək qazansın”
Milli Məclisin hər bir deputatının qanun layihəsini təqdimetmə hüququ var. Deputat Rövşən Rzayev də öz konstitutsion hüququndan istifadə edərək “ABŞ-da insan hüquqlarının vəziyyəti haqqında” adlı qanun layihəsi hazırlayıb”.
1news.az-ın verdiyi xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.
Onun sözlərinə görə, hələ ki, Parlamentdə bu qanun layihəsi ilə bağlı müzakirələr aparılmayıb:
“Rövşən Rzayevi başa düşürəm. Çünki son zamanlar müxtəlif qurumlar, ölkələr insan haqları adından istifadə edərək, onu əllərində alət edib dövlətə təzyiqlər edir. Burada açıq-aydın antiazərbaycan, erməni lobbisinin səylərini görürük. Misal üçün, bu yaxınlarda ABŞ konqresmeni cənab Smitin təşəbbüsünü göstərə bilərik.
Onun təqdim etdiyi layihənin müddəalarını oxusanız, görərsiniz ki, bu, böhtanlarla, iftiralarla doludur. Qanun layihəsi inanmıram ki, dəstək qazansın. Biz beynəlxalq təşkilatların insan haqlarından alət kimi istifadə etməsinin qəti əleyhinəyik. İnsan haqları ali bir dəyərdir. Buna Azərbaycanda xüsusi münasibət bəslənilir”.
1news.az