Respublika Günü Vaşinqtonda qeyd olunub – FOTO
Azərbaycan Respublikasının ABŞ-dakı səfirliyi tərəfindən Vaşinqtonda Respublika Günü və eləcə də qarşıdan gələn Azərbaycan Silahlı Qüvvələr günü münasibəti ilə təntənəli ziyafət təşkil edilib.
1news.az-ın məlumatına görə, ABŞ paytaxtının ən mötəbər tarixi binalarından biri olan “EndryuMelonAuditorium”da baş tutmuş ziyafətə ABŞ Administrasiyasının məsul rəsmiləri, ABŞ hərbi qüvvələrinin yüksək rütbəli zabitləri, müxtəlif dövlət və ictimai qurumların çoxsaylı nümayəndələri, diplomatik korpus, akademik dairələr və yerli ictimaiyyətin təmsilçiləri və nəhayət, azərbaycanlı, türk və yəhudi icmalarının üzvləri daxil olmaqla minəyaxın qonaq qatılıb.
Tədbirin əvvəlində Azərbaycanın ABŞ-dakı səfirliyinin əməkdaşlıq etdiyi Vaşinqton şəhərinin “Takoma Təhsil Mərkəzi”ninazyaşlı şagirdlərindən ibarət xorun ifasında ABŞ və Azərbaycan Respublikasının dövlət himnləri səslənib.
Ziyafətdə açılış sözü ilə çıxış etmiş Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov 98 il öncə müsəlman Şərqində ilk demokratik parlament respublikasının məhz Azərbaycanda qurulduğunu xatırladıbş və 23 ay yaşamasına baxmayaraq, Azərbaycan Demokratik Respublikasının əvəzsiz bir miras buraxdığını bəyan edib. Həmin qısa müddət ərzində Azərbaycan səsvermə hüququ başda olmaqla, müxtəlif mütərəqqi ideyaları təşviq edib.
Səfir 25 il əvvəl Azərbaycan xalqının müstəqillik qazandıqdan sonra yenidən eyni amal və məramlara sadiq qaldığını vurğulayıb. O, bu gün Azərbaycanın möhkəm dövlətçilik ənənələri qazanmış, müstəqilliyinə qətiyyətlə bağlı və eyni zamanda müxtəlif sahələrdə böyük yaradıcılıq nümayiş etdirən bir ölkə olduğunu bildirib. ABŞ-ın Azərbaycanın müstəqilliyinə göstərdiyi davamlı dəstəyi yüksək qiymətləndirmiş E.Süleymanov iki ölkə arasında mövcud münasibətlərin əhəmiyyətini qeyd edib.
Azərbaycanda hökm sürən dözümlülük mühitinə toxunan səfir bunun ölkəmiz və onun rəhbərliyinin şüurlu seçiminin nəticəsi olduğunu ifadə edib. O, bu mənada Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə 2016-cı ilin ölkəmizdə multikulturalizm ili elan olunduğunu göstərib.
Bundan başqa çıxışı əsnasında E.Süleymanov iki gün öncə Trans-Adriatik qaz kəmərinin (TAP) təməlqoyma mərasimini tarixi hadisə kimi xarakterizə edib.
Səfir nəhayət aprelin ayının əvvəllərində Ermənistan və Azərbaycan arasında atəşkəsin pozulmasına toxunaraq, beynəlxalq hüququn pozulması və ərazi bütövlüyünə hörmət edilməməsinin törətdiyi ağır nəticələr və daşıdığı davamlı təhlükəni qeyd edib. O, Dağlıq Qarabağ münaqişəsinə beynəlxalq hüququn prinsiplərinə əsaslanan bir həll tapılmalı olduğunu bəyan edib.
ABŞ Administrasiyası adından nitq söyləmiş dövlət katibinin köməkçisi vəzifələrini icra edən səfir Con Heffern Azərbaycan xalqını Respublika Günü münasibətilə təbrik edib və ABŞ və Azərbaycan arasında enerji başda olmaqla müxtəlif sahələrdə formalaşmış möhkəm tərəfdaşlıq barədə danışıb. O, həmçinin iqtisadi sahədə əməkdaşlıq, o cümlədən müasir İpək Yolunun bərpası üzrə aparılan işləri qeyd edib.
Amerikalı diplomat eyni zamanda ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə göstərdiyi səylərdən bəhs edib və bu baxımdan bir neçə gün öncə dövlət katibi Con Kerrinin iştirakı ilə Azərbaycan və Ermənistan prezidentlərinin Vyana görüşünə istinad edib. C.Heffern münaqişənin sülh yolu ilə həllinə hökumətinin dəstəyini bir daha bəyan edib.
Bundan sonra Vaşinqton şəhərinin meri xanım Muriel Bauzerin adından Kolumbiya mahalının katibi Lauren Voqan 28 mayın Vaşinqton şəhərində Azərbaycan Milli Günü elan edilməsinə dair Bəyannaməni ziyafət iştirakçılarına oxuyub.
ABŞ-ın Milli Qvardiya Tərəfdaşlıq Proqramı çərçivəsində Azərbaycanın tərəfdaşı olan Oklahoma Ştatının milli qvardiyasını təmsil etmiş briqada generalı Tomas Rayn ölkəmizlə 14 ildən bəri davam edən məhsuldar əməkdaşlığı təqdir edib və Azərbaycan xalqını Respublika Günü münasibətilə ürəkdən təbrik edib.
Çıxışların ardınca natiqlər və tədbirə qatılmış yüksək rütbəli iştirakçıların müşayiətində qonaqlar öz qədəhlərini Azərbaycan-ABŞ dostluğunun uğuruna qaldırıblar.
Ziyafətin mədəni hissəsində qonaqlara Vaşinqtonda fəaliyyət göstərən “Silk RoadDanceCompany” rəqs qrupu tərəfindən milli rəqslərimiz nümayiş etdirilib və eləcə də onlara rəngarəng musiqi proqramı təqdim edilib.
Tədbir iştirakçılarına Azərbaycan mətbəxinin ləziz yeməklərinin də daxil olduğu geniş süfrə açılıb.
1news.az