ABŞ prezidentliyinə ilk namizəd rəsmiləşib
ABŞ prezidenti postuna iddia edən ilk rəsmi namizədin adı məlum olub.
1news.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu, Libertarian Partiyasının namizədi, Nyu-Meksiko ştatının keçmiş qubernatoru Qeri Consondur.
Qeyd edək ki, dünən Partiyanın qurultayında Q.Conson 55,8 faiz səs toplayaraq rəqibini qabaqlayıb. Nəticədə Q.Conson bu ilin noyabrında keçiriləcək seçkilərdə prezidentliyə ilk rəsmi namizəd olub.
Nəzərinizə çatdıraq ki, Libertarian partiyası prezident seçkilərində 1972-ci ildən iştirak edir. Adətən, libertarianların prezident seçkilərində qələbə qazanmaq şansları olmasa da, budəfəki rəy sorğularında Q. Consonun sabit olaraq səslərin 10 faizindən çoxunu qazandığı bildirilir. Respublikaçı Donald Tramp və demokratların namizədi Hillari Klintonun aşağı populyarlığı onun üçün müəyyən perspektivlər açır.
Onu da bildirək ki, prezidentliyə namizədlərin seçkiqabağı debatlarında iştirak edə bilmək üçün Conson ardıcıl üç dəfə keçiriləcək ictimai rəy sorğusunda respondentlərin səslərinin 15 faizini qazanmalıdır.
1news.az