“ASAN xidmət indeksi” dövlət orqanları tərəfindən verilən xidmətlərin keyfiyyətini qiymətləndirəcək
Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 sentyabr tarixli Fərmanı ilə “Dövlət orqanları tərəfindən həyata keçirilən xidmətlərin Elektron Reyestri” yaradılıb və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə bu Reyestri aparmaq tapşırılıb.
1news.az-ın verdiyi xəbərə görə, reyestrin yaradılmasında məqsəd dövlət orqanları tərəfindən həyata keçirilən xidmətlər haqqında məlumatların vahid mənbədə toplanması və sistemləşdirilməsi, xidmətlərin göstərilməsində təkrarlığın aradan qaldırılması və yeni növ xidmətlərin yaradılması yolu ilə bu sahədə idarəetmənin çevikliyinin təmin edilməsi, xidmətlər üzrə təhlil və proqnozlaşdırma imkanlarının artırılması olub.
Hazırda Reyestrdə (www.dxr.az) 111 dövlət orqanı tərəfindən göstərilən 632 dövlət xidməti barədə məlumatlar toplanıb.
Azərbaycan Respublikası Prezidenti dəfələrlə çıxışlarında “ASAN xidmət” mərkəzlərində rəhbər tutulan fəaliyyət prinsipləri və şəffaflıq standartlarının digər dövlət orqanlarında tətbiqinin zəruri olduğunu vurğulayıb.
Dünən qəbul edilən Fərmanla bu məqsədlə dövlət xidmətlərinin göstərilməsi sahəsində “ASAN xidmət indeksi” yaradılıb.
“ASAN xidmət indeksi” aşağıdakı parametrlərdən ibarətdir:
1. xidmət barədə məlumatlandırma (xidmət üçün tələb olunan sənədlər və xidmət haqları barədə məlumatlandırma, sorğu xidmətinə edilən müraciətlərin cavablandırılma operativliyi və s.);
2. xidmətə müraciət imkanları (elektron, poçt, birbaşa);
3. xidmətin göstərilmə müddəti;
4. xidmətin təşkilində istifadə edilən informasiya ehtiyatlarının elektronlaşdırması və digər dövlət orqanlarının informasiya sistemləri ilə inteqrasiya;
5. xidmətlərin təşkili ilə bağlı əməkdaşlara təlimlərin keçirilməsi;
6. şikayət və nəzarət mexanizmləri;
7. vətəndaş məmnunluğunun ölçülməsi mexanizmləri.
Reyestrdəki dövlət xidmətləri “ASAN xidmət indeksi”ni təşkil edən parametrlər əsasında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən qiymətləndiriləcək.
Agentlik hər bir xidmətin “ASAN xidmət indeksi”ni Reyestrdə yerləşdirəcək və həmçinin həyata keçirilən qiymətləndirmələr barədə ildə bir dəfə Azərbaycan Respublikası Prezidentinə hesabat verəcək.
Bundan əlavə Reyestrin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə yanaşı dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, publik hüquqi şəxslər və digər büdcə təşkilatları göstərdikləri xidmətlər barədə məlumatları Reyestrə yerləşdirəcək.
1news.az