Mərkəzi Bank keçirdiyi təlimin iştirakçılarını təltif edib
İyunun 9-da “Maliyyə savadlılığı” layihəsi çərçivəsində həyata keçirilən “Maliyyə savadlılığı: Peşəkar karyeraya aparan yol” adlı müsabiqə xarakterli təlimdə uğur qazanmış tələbələr sertifikatlarla təltif olunub.
Mərkəzi Bankdan 1news.az-a verilən xəbərə görə, tədbir çərçivəsində ali təhsil müəssisələrinin III və IV kursunda təhsil alan 214 tələbəyə bank-maliyyə sisteminin fəaliyyətinə dair maarifləndirici seminar keçirilib.
Seminar iki mərhələdən ibarət olmaqla təşkil edilib. Birinci mərhələdə iştirakçılara layihə haqqında məlumat verilib, eləcə də Mərkəzi Bank üçün arzuolunan namizədlər və maliyyə bazarları mövzularında təqdimatlar aparılıb. Bu mərhələni uğurla başa vuran 113 nəfər tələbə növbəti – ikinci turda iştirak hüququ əldə edib. İkinci turda iştirakçı tələbələrə “İstehlakçı büdcəsinin idarə olunması, nağdsız ödənişlər və əmanətlərin sığortalanması”, “Nağd pul kreditləri və müddətli əmanətlər”, “Mikromaliyyənin önəmi və məsuliyyətli borclanma” və “Bank əməliyyatları” mövzularında təlim keçirilib.
İkinci mərhələnin sonunda ən yüksək nəticə göstərmiş 98 nəfər tələbədən hazırda 26-sı tərəfdaş bank-maliyyə qurumlarında təcrübəçi olmaq imkanı qazanıb. 1 nəfər tələbə isə təcrübə proqramını uğurla başa vuraraq artıq işlə təmin olunub.
Təlimin əsas tərəfdaşları Əmanətlərin Sığortalanması Fondu, “Amrahbank”, “Bank of Baku”, “Bank BTB”, “Bank VTB Azərbaycan”, “Accessbank”, “DəmirBank”, “Unibank” və “FINCA Azerbaijan” qeyri-bank kredit təşkilatıdır.
Mərkəzi Bankın təşəbbüsü ilə “Maliyyə savadlılığı” layihəsi çərçivəsində təşkil edilən bu səpkili təlimlərin, eləcə də əhalinin maliyyə bilik və bacarıqlarının artırılmasına yönəlmiş müxtəlif tədbirlərin gələcəkdə də keçirilməsi nəzərdə tutulur.
1news.az