Türkiyə hökuməti Diyarbəkirdə komendant saatı tətbiq edib
Türkiyə hökuməti Diyarbəkirdə - ölkənin cənub-şərqindəki ən iri əyalətində komendant saatı tətbiq edib.
1news.az-ın Dogan-a istinadla verdiyi xəbərə görə, komendant saatı iyunun 21-dən saat 05.00-dən etibarən Licə, Hani, Silvan və Hazro kimi 25 yaşayış məntəqəsində tətbiq edilib.
Diyarbəkirin qubernatoru bu tədbirin vətəndaşların təhlükəsizliyinin təmin edilməsi, eləcə də terrorçu Fəhlə Kürd Partiyasının üzvlərini neytrallaşdırmaq məqsədilə həyata keçirildiyini bildirib.
Ərazidə havadan dəstək göstərməklə irimiqyaslı antiterror əməliyyatları həyata keçirilib. Türkiyə Baş Qərargahının məlumatlarına görə, iyunun 20-də saat 21.00-21.40 arası terrorçuların 11 məntəqəsi məhv edilib. Həmçinin türk qırıcıları Qəndil, Sinatr, Haftan rayonlarında 22.00-22.58 radələrində yaraqlıların mövqelərini atəşə tutub.
Türkiyədə vəziyyət PKK-nın ölkənin iri şəhərlərində həyata keçirdiyi terror aktlarından sonra daha da gərginləşib.
Xatırladaq ki, son zamanlar Türkiyə hökuməti bir neçə dəfə ölkənin cənub-şərq hissəsində müddətsiz olaraq komendant saatı tətbiq edib.
1news.az