Dövlət Neft Fondunda MHŞT üzrə Çoxtərəfli Qrupun növbəti iclası keçirilib
2016-cı il iyul ayının 4-də Azərbaycan Respublikası Dövlət Neft Fondunda (ARDNF) Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün (MHŞT) Azərbaycanda tətbiqinə dair Çoxtərəfli Qrupun (ÇQ) növbəti iclası keçirilib.
ARDNF-dən 1news.az-a verilən məlumata əsasən, MHŞT üzrə Beynəlxalq Katibliyin nümayəndələri Diveke Roqan və Tatyana Sedovanın iştirakı ilə keçirilən ÇQ iclasında Azərbaycanın MHŞT prosesi çərçivəsində növbəti Qiymətləndirmə prosesi müzakirə edilib.
Qeyd edək ki, MHŞT xüsusi çoxtərəfli və şirkətlər, hökumətlər, sərmayəçilər və vətəndaş cəmiyyəti təşkilatları tərəfindən dəstəklənən könüllü təşəbbüsdür.
Təşəbbüs neft, qaz və mədən hasilatı sahəsində şəffaflığın təmin edilməsində qlobal standartdır.
Azərbaycan MHŞT prosesinə 2003-cü ildə qoşulmuşdur. MHŞT-nin tətbiqi sahəsində əldə etdiyi nailiyyətlərə görə Azərbaycana "2009-cu il MHŞT mükafatı" təqdim edilib.
1news.az