Azərbaycanla Rusiya arasında gömrük sahəsində əməkdaşlığın gələcək perspektivləri müzakirə olunub
İyulun 4-də Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevlə Rusiya Federasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxinlə görüşüb.
1news.az-ın verdiyi xəbərə görə, görüş zamanı Azərbaycan - Rusiya gömrük əməkdaşlığının inkişaf dinamikası ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə iki ölkənin gömrük orqanlarının qarşılıqlı əlaqələrindən məmnunluqla söhbət açılıb, beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycan-Rusiya əməkdaşlığının gələcək perspektivləri müzakirə olunub.
Eyni zamanda, ötən il tərəflər arasında imzalanan, Azərbaycan Respublikasından Rusiya Federasiyasına ixrac edilən bəzi kənd təsərrüfatı mallarının gömrük sərhədindən keçirilməsinin sürətləndirilməsinə şərait yaradan “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Rusiya Federasiyası Federal Gömrük Xidməti arasında müəyyən növ mallara münasibətdə gömrük nəzarətinin nəticələrinin qarşılıqlı tanınması haqqında Protokol”a uyğun olaraq şimal sərhədində bu növ malların qonşu ölkəyə keçirilməsində “Yaşıl dəhliz” buraxılış sisteminin tətbiq olunduğu məmnunluqla xatırlanıb, bu istiqamətdə gələcəkdə hər hansı problemlərin yaşanmaması ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb.
1news.az