Lorenzo Sotomoyar yarımfinalda erməni boksçuya qarşı
64 kq çəki dərəcəsində mübarizə aparan Lorenzo Sotomayor millimizə növbəti medalı qazandırıb. 1/16 finalda ukraynalı Volodimir Matviçuku, 1/8 finalda isə fransız boksçu Hassan Amzileni yolundan kənarlaşdıran dəri əlcək ustamız bu dəfə 1/4 finalda kubalı Yasnier Toledo ilə üz-üzə gəlib.
1news.az-ın Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, görüşə aktiv başlayan boksçumuz çətinlik çəkmədən qələbə qazanıb. Hər üç raundda rəqibindən aşkar üstün olan Sotomayor bütün hakimlərdən ən yüksək qiymət alıb. O, kubalı idmançını 3:0 (30:27, 30:27, 30:27) məğlub edərək yarımfinala yüksəlib.
Bununla da təmsilçimiz ən az bürünc medalı təmin edib.
Boksçumuzun yarımfinaldakı rəqibi də müəyyənləşib. Belə ki, dəri əlcək ustamız finala çıxmaq üçün Almaniyanı təmsil edən erməni boksçu Artyom Harutunyan ilə döyüşəcək.
Qeyd edək ki, bu, boks yığmamızın Olimpiadada təmin etdiyi ikinci medaldı. Daha əvvəl isə 75 kq çəki dərəcəsində mübarizə aparan Kamran Şahsuvarlı yarımfinala yüksəlməklə millimiz üçün ilk medalı qazanmışdı.
1news.az