Ermənistanın Azərbaycana qarşı mina müharibəsi bu dəfə Romada fotofaktlarla nümayiş etdirildi
Azərbaycanın “Gilavar Foto Klubu” İctimai Birliyi tərəfindən Avropada həyata keçirilən “Minasız dünya” beynəlxalq kampaniyası çərçivəsində növbəti fotoekspozisiya 2026-cı il oktyabrın 17-də İtaliyanın paytaxtı Roma şəhərində təşkil olunub.
Avropa boyunca ardıcıl həyata keçirilən bu təşəbbüs Azərbaycanın mina problemi barədə beynəlxalq ictimaiyyətə ünvanlanan davamlı humanitar çağırışa çevrilib. Ermənistan və Azərbaycan arasında müharibə başa çatsa da, işğal dövründə basdırılmış minaların dinc əhali üçün yaratdığı təhlükə davam edir və hər yeni mina qurbanı bu humanitar problemi daha da aktuallaşdırır.
Kampaniya çərçivəsində indiyədək oktyabrın 5-də İsveçrənin Cenevrə, 7-də Çexiyanın Brno, 9-da Sloveniyanın Lyublyana, 11-də Bosniya və Herseqovinanın Sarayevo, 13-də Xorvatiyanın Zaqreb, 15-də Avstriyanın Salzburq şəhərlərində silsilə fotoekspozisiyalar keçirilib.
“Gilavar Foto Klubu” İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Qarabağ Dirçəliş Fondunun ANAMA-nın tərəfdaşlığı ilə birgə elan etdiyi “Mina və partlamamış hərbi sursatlar probleminə dair təşəbbüslər” qrant müsabiqəsinin 2026-cı il üzrə qalibidir. Avropada keçirilən silsilə fotoekspozisiyalar həmin qrant layihəsi çərçivəsində həyata keçirilir.
























