Rio-2016: Avarçəkənlərimizin final mübarizəsi
Bu gün Rio Olimpiadasında 2 avarçəkənimiz finalda mübarizə aparacaq.
1news.az-ın Apasport.az-a istinadla verdiyi xəbərə görə, yığmamızın liderləri olan Aleksandr Demyanenko və İnna Osipenko-Radomskaya həlledici mərhələdə medal üçün yarışacaqlar.
Start xəttinə ilk olaraq dünya və Avropa çempionumuz Aleksandr Demyanenko çıxacaq. 1 nəfərlik kanoe qayığı (C-1) ilə 200 metr məsafədə sürətini yoxlayacaq milliləşdirilmiş legionerimiz finalda Zaza Nadiradze (Gürcüstan), İsak Keyroş Dos Santos (Braziliya), Alfonso Benavides Lopes de Ayala (İspaniya), Li Qianq (Çin), Martin Funksa (Çexiya), Andrey Kraytor (Rusiya) və Tomas Simartla (Fransa) yarışacaq.
Həlledici yarış Bakı vaxtı ilə saat 16:23-də start götürəcək.
İlk cəhdində 1 nəfərlik kayak qayığı ilə (K-1) 200 metr məsafəyə yürüşdə bürünc medal qazanan İnna Osipenko-Radomskaya isə bu dəfə 500 metr məsafədə mükafatçılar sırasına düşməyə çalışacaq. O, medallar uğrunda Marina Litvinçuk (Belarus), Liza Karrinqton (Yeni Zelandiya), Danuta Kozak (Macarıstan), Emma Yorqensen (Danimarka), Fransiska Veber (Almaniya), Yu Ju (Çin) və Martina Kohlova (Slovakiya) ilə mübarizə aparacaq.
Osipenko-Radomskaya start xəttinə saat 17:10-da çıxacaq.
Qeyd edək ki, bununla da avarçəkənlərimizin Riodakı çıxışı yekunlaşacaq. Yarışda Aleksandr Aleksandrov – Boris Yotov dueti (akademik avarçəkmə, 2000 m) 12-ci, Yure Meqliç (kanoe-slalom) 14-cü yeri tutub.
1news.az