Dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərrac keçirilib
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 31 yanvar tarixində növbəti hərrac keçirilib.
Komitədən 1news.az-a verilən məlumata görə, hərraca çıxarılan dövlət əmlakları paytaxt və regionlarda yerləşir.
Paytaxtda keçirilmiş hərrac komitənin İnformasiya Texnologiyaları Mərkəzində müasir hərrac zalında baş tutub.
Qeyd edək ki, hərracda media və ictimaiyyət nümayəndələri sərbəst şəkildə gəlib iştirak edərək prosesi əyani müşahidə edə bilir. Hərrac zamanı monitorlar vasitəsilə regionlarda keçirilən hərraclar da onlayn əlaqə vasitəsilə canlı izlənilib.
Hərraca çıxarılmış kiçik dövlət müəssisələri və obyektləri həm Bakı, həm regionlarda, qeyri-yaşayış sahələrinin əksəriyyəti isə paytaxt rayonlarında yerləşir. Paytaxtda yerləşən obyektlər sırasında 86.4 kv.m. torpaq sahəsi və 66.8 kv.m. ümumi faydalı sahəsi olan bir mərtəbəli ayrı tikili, Nərimanov rayonundakı 29.5 kv.m., 84 kv.m. və 75 kv.m. sahəyə malik qeyri-yaşayış obyektləri var.
Hərracda Nərimanov və Binəqədi rayonlarında yerləşən qeyri-yaşayış obyektləri özəlləşdirilib. Belə əmlaklar sırasında ən yüksək qiymətə özəlləşdirilmiş əmlak Nərimanov rayonundakı 5 mərtəbəli binanın qeyri-yaşayış sahəsi olub.
Hərrac zamanı qalib olmuş şəxslər hərrac protokolunu imzalayıb. Xatırladaq ki, hərracda özəlləşdirilmiş əmlaka mülkiyyət hüququnu təsdiq edən sənədin alınması da hazırda tez və rahat şəkildə həllini tapır. Belə ki, həmin əmlaklara dair qısa müddətdə hazır çıxarışlar təqdim olunur.
Hərracda iştirak proseduru da sadədir. Belə ki, iki sənədin – şəxsiyyət vəsiqəsi və behin ödənilməsini sübut edən sənədin təqdim edilməsi kifayət edir. Bütün bunlar isə elektron qaydada komitənin özəlləşdirmə portalı üzərindən icra olunur.
Hərracda qalib olmuş fiziki və hüquqi şəxslərlə aparılmış sorğu onu göstərir ki, qaliblərin əksəriyyəti belə daşınmaz əmlakları biznes məqsədlərinə yönəldir. Belə əmlaklar qanunla icazə verilmiş müxtəlif növ gəlir mənbələrinə çevrilir. Yaxud da əmlak sahibi hərracda əldə etdiyi qeyri-yaşayış sahəsini və ya obyekti gələcəkdə icarəyə verməklə gəlir qazana bilir. Bəzən hərracda müxtəlif növ yük maşınları da özəlləşdirilir ki, belə nəqliyyat vasitələri də sonradan gəlir əldə etmək üçün müxtəlif fəaliyyətlərdə istifadə olunur.
Bütün bunlar onu deməyə əsas verir ki, belə əmlaklar sahibkarlıq fəaliyyəti baxımından fiziki və ya hüquqi şəxslər üçün kifayət qədər faydalıdır. Bu isə öz növbəsində belə hərraclara olan marağı artırır.
Qeyd edək ki, hərrac elanları hərrac günündən 1 ay əvvəldən, nəticələr isə hərracdan sonrakı 1 həftə ərzində komitənin informasiya resurslarında açıqlanır. Belə ki, komitənin “privatization.az” – özəlləşdirmə portalında hərrac tarixinə görə müvafiq səhmdar cəmiyyətləri, kiçik müəssisələr və qeyri-yaşayış sahələri, eləcə də nəqliyyat vasitələri barədə ətraflı məlumatlar yerləşdirilir. İstifadəçi portala daxil olaraq ayda 4 dəfə keçirilən hərracların birini seçib (hərrac tarixinə görə) istədiyi əmlaka elektron sifariş verir.
Əmlak Məsələləri Dövlət Komitəsi olaraq vətəndaşları, yerli və xarici investorları bu hərraclarda iştirak etməyə və əmlak sahibi olmağa dəvət edir.
1news.az