Böyük Britaniya Lordlar Palatasının üzvü Milli Məclisdə olub
Mayın 4-də Milli Məclisin sədri Oqtay Əsədov IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olan Böyük Britaniya Lordlar Palatasının üzvü, Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupu rəhbərinin müavini Baronessa Zahida Manzur ilə görüşüb.
1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, Oqtay Əsədov Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun beynəlxalq əməkdaşlığın inkişafına mühüm töhfələr verdiyini söyləyib. O, Baronessa Zahida Manzurun Forumda iştirakından məmnunluğunu qeyd edib. Milli Məclisin sədri belə səfərlərin parlamentlərarası əlaqələrin daha da inkişafında mühüm rol oynadığını diqqətə çatdırıb.
Azərbaycanın yaxın dostu olduğunu deyən Baronessa Zahida Manzur ölkəmizə səfərindən və IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakından şad olduğunu söyləyib. O, Britaniya-Azərbaycan parlamentlərarası əməkdaşlığının daha da inkişaf edəcəyinə əminliyini bildirib.
Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
S.Xankişiyeva