Rövnəq Abdullayevin oğlu istefa verdi
Bu gün Bayıl stadionunda "Səbail"in Müşahidə Şurasının iclası keçirilib.
1news.az-ın klubun rəsmi Facebook səhifəsinə istinadən verdiyi xəbərə görə, iclasda komandanın I Divizionda çıxışı və gələcək planları müzakirə olunub.
Müşahidə Şurasının sədri Rəşad Abdullayev çıxış edərək “Səbail” FK-nın I Divizionda çıxışının ilk ilindəcə 2-ci yeri tutmasını qənaətbəxş nəticə hesab etdiyini bildirib, klubun məşqçi, futbolçu və inzibati heyətinin, həmçinin Müşahidə Şurası üzvlərinin bu uğurda pay sahibi olduğunu deyib, hər birinə təşəkkür edib.
Abdullayev qeyd edib ki, klubun icraçı direktoru Yusif Həsənov şəxsi işləri ilə əlaqədar klubdakı fəaliyyətinə son qoymaq istəyi ilə bağlı Müşahidə Şurasına müraciət edib və Y.Həsənovun xahişi müsbət dəyərləndirilib. “Səbail” FK-nın inkişafı naminə görülən işlərlə əlaqədar Həsənova təşəkkürünü bildirən R.Abdullayev onu xüsusi diplomla təltif edib. Y.Həsənov mövsüm ərzində klubda görülən işlər barədə qısa məlumat verib və hər bir əməkdaşa minnətdarlığını bildirib.
Daha sonra R.Abdullayev qeyd edib ki, Müşahidə Şurasının qərarına əsasən, “Səbail” FK-nın icraçı direktoru vəzifəsinə bu günə qədər şuranın üzvü kimi fəaliyyət göstərmiş Ramin Həsənov təyin olunub. R.Həsənov göstərilən etimadı doğrultmağa çalışacağını deyib.
R.Abdullayev “Səbail” Futbol Klubunun Müşahidə Şurasının sədri kimi fəaliyyətini başa vurduğunu açıqlayıb və kluba gələcək fəaliyyətində uğurlar arzulayıb.
Şuranın üzvü, futbol veteran Əbdülqəni Nurməmmədov çıxış edərək R.Abdullayevə fəaliyyət göstərdiyi müddətdə klubun inkişafı üçün gördüyü işlərə görə təşəkkürünü bildirib.
Sonda R.Abdullayevə “Səbail”in fəxri üzvü elan olunması ilə bağlı diplom təqdim olunub.
“Səbail” Müşahidə Şurasının yeni sədrinin və şuranın tərkibinin müəyyənləşməsi məsələsinə qarşıdakı günlərdə aydınlıq gələcək.
Xatırladaq ki, R.Abdullayev Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayevin oğludur. O jurnalistlərə açıqlamalarının birində “Səbail”in Premyer-Liqaya vəsiqə qazanacağı təqdirdə oğlunun istefa verəcəyini bəyan etmişdi.
Babək Cahandarov