Boris Nemtsovun qətlində təqsirli bilinən şəxslərə hökm oxunub
Moskva Dairə Hərbi Məhkəməsində müxalifət lideri Boris Nemtsovun qətlində təqsirləndirilən şəxslərə hökm oxunub.
1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, məhkəmənin qərarı ilə Nemtsovun qətlində təqsirli bilinənlər 11 ildən 20 ilədək azadlıqdan məhrum ediliblər.
İşdə əsas fiqurant olan Zaur Dadayev 20 il həbs cəzasına məhkum edilib. Anzor Qubaşev 19 il, Şahid Qubaşev 16 il, Tamerlan Əsgərxanov 14 il, Həmzət Baxayev isə 11 il müddətinə azadlıqdan məhrum edilib. Bundan başqa məhkəmə təqsirləndirilən şəxslərin hər birinə ayrılıqda 100 min rubl cərimə kəsib. Məhkəmənin qərarı ilə Z. Dadayev leytenant rütbəsindən və "İgidliyə görə" ordenindən, T. Əsgərxanov isə gizir rütbəsindən məhrum edilib.
Qeyd edək ki, Boris Nemtsov 2015-ci il fevralın 27-də gecə saatlarında Kreml yaxınlığında odlu silahdan açılan atəş nəticəsində qətlə yetirilib. Martın 8-də məhkəmənin qərarı ilə Həmzət Baxayev, Tamerlan Əsgərxanov, Şahid Qubaşev, Anzor Qubaşev və Zaur Dadayev barəsində həbs-qətimkan tədbiri seçilib. 2015-ci ilin noyabr ayından beynəlxalq axtarışda olan, qətlin ehtimal edilən sifarişçisi və təşkilatçısı Ruslan Muxudinov haqqında istintaq isə davam edir.
S.Xankişiyeva