Türkiyə şirkəti Təbrizin “Traktorsazi” komandasına sponsor oldu
İran və Türkiyə mediası ofisi Türkiyədə yerləşən beynəlxalq hava yolları şirkəti “Atlas Global”-ın Təbrizin “Traktorsazi” (Traxtor) komandasının yeni sponsoru olduğunu bildirirlər.
1news.az-ın Turkustan.info-ya istinadən verdiyi xəbərə görə, Anadolu agentliyi və Şərqi Azərbaycan vilayətində fəaliyyət göstərən internet portalları bu haqda məlumat yayıb.
Məlumata görə, Türkiyədə “dünyanın ən çox tərəfdarı olan türk komandası” kimi tanınan “Traktorsazi” İran milli futbol çempionatı oyunlarının yeni mövsümündə üzərində “Atlas Global” şirkətinin logosu olan formalarla meydana girəcək.
“Traktorsazi” klubunun rəsmi veb səhifəsi iyulun 26-da əyinlərində yeni formaları ilə üç oyunçusunun şəklini yayıb.
Formaların ortasında həmin şirkətin loqosu və adı, loqonun üzərində isə daha kiçik bir ölçüdə Urmiya gölünün şəkli dərc edilib.
Güney Azərbaycandan əlavə, İranın digər bölgələrində yaşayan türklər arasında da çoxsaylı azarkeşi olan “Traktorsazi” komandası davamlı olaraq Türkiyə mediası, o cümlədən “Hürriyet”, “Milliyet” və “Yeni Şafak” kimi nüfuzlu qəzetlərin gündəmində olur. Həmin qəzetlər “Traktorsazi” komandasını “dünyanın ən çox tərəfdarı olan türk komandası” kimi təqdim edirlər.
Babək Cahandarov