Şimali Koreya növbəti dəfə ballistik raketi sınaqdan keçirib
Şimali Koreya bu gün növbəti raket buraxılışını həyata keçirib. Bu barədə məlumatı Yaponiya KİV-ləri yayıb.
1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, Cənubi Koreya hərbçiləri raket buraxılışı faktını təsdiqləyiblər. Koreya Respublikası Silahlı Qüvvələrinin qərargah rəisləri komitəsinin məlumatına görə, ballistik olduğu ehtimal edilən raket yerli vaxtla saat 23:41-də (Bakı vaxtı ilə saat 18:41) Caqando vilayəti rayonundan Yapon dənizi istiqamətində buraxılıb.
Yaponiya Nazirlər Kabinetinin baş katibi Yesixide Suqa jurnalistlərə bildirib ki, raket dəniz üzərində 44 dəqiqəyə yaxın uçub. O qeyd edib ki, dəyən ziyan haqqında hələlik məlumat yoxdur. Yesixide Suqa Şimali Koreyanın bu addımının BMT Təhlükəsizlik Şurasının qətnaməsinin açıq şəkildə pozulması kimi dəyərləndirib.
Pentaqonda da ballistik raket buraxılışını qeydə aldıqlarını bildiriblər.
Yaponiya və Cənubi Koreyanın hakimiyyət orqanları hər iki ölkənin milli təhlükəsizlik şuralarının təcili iclasını çağırırlar.
1news.az