20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar Azərbaycan Ordusunda tədbirlər keçiriləcək
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin Sərəncamı ilə təsdiq olunmuş “20 Yanvar faciəsinin iyirmi səkkizinci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı”na əsasən, müdafiə naziri Zakir Həsənov Azərbaycan Ordusunda silsilə tədbirlərin təşkili ilə əlaqədar tapşırıq verib.
1news.az-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Əlahiddə Ümumqoşun Ordusunda, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində Qanlı Yanvar hadisələri ilə bağlı “dəyirmi masa”ların, konfrans, toplantı və xüsusi məşğələlərin, kitab və rəsm sərgisinin təşkili nəzərdə tutulub. Həmçinin Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin, Naxçıvan və Gəncə Qarnizon Zabitlər evlərinin kollektivlərinin iştirakı ilə faciəyə dair bədii kompozisiya və tamaşaların, eləcə də sənədli filmlərin nümayişi nəzərdə tutulub.
Keçirilən tədbirlərdə şəhid olanların ailə üzvləri, hadisələrin iştirakçıları ilə şəxsi heyətin görüşlərinin təşkili, həmçinin Vətənimizin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda həyatlarını qurban verənlərin xatirəsinə ucaldılmış abidələrin ziyarət olunması planlaşdırılıb.
1news.az