Mübariz Əhmədoğlu: Azərbaycan Ermənistanın vasitəçilərin adından danışmasına son qoya bilər
Ermənistanın bir nömrəli diplomatı, 2 nömrəli sərkərdəsi, kriminal avtoritetin əlaçı şəyirdi Edvard Nalbandyan köhnə yalanları təkrarladı: Qarabağ münaqişəsi “Artsax” xalqının öz müqəddəratını təyinetmə prinsipi əsasında həll edilməlidir.
Ermənistanla Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə yanaşmasında əsaslı fərq ondan ibarətdir ki, Azərbaycan guya həmsədrlərin adından hansısa uydurma təklifləri təqdim etməyə çalışır. Həqiqətə uyğun olmayan danışıqlar prosesini təqdim etmək istəyir. Vyana danışıqları göstərdi ki, ortada real təkliflər və prinsiplər var. Azərbaycan bu 3 prinsipə əvvəlcə razılıq vermişdi, sonradan imtina etdi.
E.Nalbandyanın tənzimlənmə prosesi barədə danışdıqları ağ yalandır. Çünki ATƏT MQ həmsədrləri tənzimləmə variantını bir neçə dəfə açıqlayıblar.
Bizə bəlli olan sənədlərin təxmini siyahısını təqdim edirik:
ı. 2009-cu il iyulun 10-da İtaliyanın Akvil şəhərində üç həmsədr ölkə prezidentləri tərəfindən imzalanmış, ABŞ prezidentinin mətbuat xidməti tərəfindən yayılmış “Madrid Prinsiplərinin Yenilənmiş variantı” və ya “Yenilənmiş Madrid Prinsipləri” adlı sənəd.
ıı. Həmsədr ölkə prezidentlərinin G-8 formatında iştirak zamanı imzaladığı 5 sənəd. Ukrayna hadisələrinə görə RF-in G-8-də fəaliyyəti dayandırıldığı üçün sonralar belə sənədlər imzalanmadı.
ııı. Kazan sənədi.
ıv. 2012-ci il Sankt-Peterburq görüşü zamanı RF XİN-nin hazırladığı sənəd.
- 2014-cü il mayın 9-da amerikalı həmsədr Uorlikin “Yenilənmiş Madrid Prinsiplərində” status məsələsini ərazilərin qaytarılması məsələsindən önə keçirməklə hazırladığı Amerikan variantı.
vı. 2014-cü il mayın 12-də həmsədrlərin yaydığı bəyanat. Yenilənmiş Madrid Prinsipləri bazasında hazırlanmış bu bəyanatda Dağlıq Qarabağ ətrafındakı ərazilərə işğal olunmuş ərazilər termini tətbiq edildi.
vıı. Amerikalı həmsədr R.Hoqlandın cüzi dəyişikliklə yenidən təqdim etdiyi Uorlikin Amerikan variantı.
vııı. Amerikalı həmsədr E. Şeferin “Armenpress” vasitəsilə təqdim etdiyi tamamilə yeni variant.
ıx. Beş tərəfli bəyannamə.
Ümumilikdə ictimaiyyətə açıqlanan 13 sənədin heç birisində “Dağlıq Qarabağ xalqı”, “Dağlıq Qarabağ ermənisi”, “Artsax”, “Artsax xalqı” adlı terminlər yoxdur.
Danışıqlar prosesinə çox yaxın olan, ATƏT-in fəaliyyətdə olan sədrinin Cənubi Qafqazda xüsusi nümayəndəsi Günter Baxlerin 2017 ci ilin sonunda verdiyi açıqlama danışıqlar prosesinin vəziyyəti barədə daha dolğun mənbədir:
“Dağlıq Qarabağ münaqişəsində yekun statusla bağlı bəzi prinsipləri müzakirə edirlər. Amma danışıqların real arxitekturası hələ yoxdur.
2014-cü ildə İsveçrə ATƏT-ə sədrliyi zamanı tam miqyaslı danışıqlar prosesinin bütün elementləri və detallarından ibarət danışıqlar prosesinin strukturlaşması barədə qeyri-rəsmi sənəd hazırladı. Bu sonrakı sədrliklərə də təqdim olundu. Görünür, bu nə vaxtsa istifadə olunacaq.”
Xüsusi olaraq qeyd edək ki, E.Nalbandyanın israrla bildirdiyi Helsinki Yekun Aktının 3 prinsipinə bu sənədlərin hamısında istinad olunub. E.Şeferin variantı isə bu prinsipin bazası əsasında hazırlanıb.
Əgər ortada acıqlanan variantlardan fərqli nəsə başqa bir şey varsa, ER XİN bunu açıqlamağı tələb edərdi.
E.Nalbandyan İQ indeksi normal olan şəxsdir. O mətbuata yalan danışırsa, bunu məcbur edən faktor var. Eləcə də o yalanını əsaslandırarkən ATƏT MQ həmsədrlərinə söykənir.
Yaranmış vəziyyətdən ən düzgün çıxış yolu vaxtilə Azərbaycan Prezidenti Heydər Əliyev tapdı. Belə mübahisələrin fonunda ATƏT MQ-ni və erməniləri neytrallaşdırmaq üçün o, vasitəçilərin təqdim etdiyi hər 3 variantı mətbuata açıqladı və parlamentdə dinləmələr keçirdi. İndiki halda ölkə rəhbərliyi Dağlıq Qarabağ tənzimlənməsinə dair Azərbaycana və Ermənistana təqdim olunmuş bütün sənədləri mətbuata açıqlasa Ermənistan –ATƏT MQ iş birliyinə ciddi zərbə vurmuş olar. Vasitəçilərin Azərbaycana və Ermənistana təqdim etdiyi variantlarda bizim qanımızı qaraldan məsələlər olacaq. Amma bu açıqlananlar ermənilərin mövqelərinə sarsıdıcı zərbə olacaqdır.
Mübariz Əhmədoğlu,
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri