Bütün dövrlərin ən yaxşı 100 filmi müəyyənləşib
“IndieWire” portalı bütün dövrlərin ən yaxşı 100 filminin siyahısını dərc edib.
1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, reytinq “Rotten Tomatoes” saytının istifadəçilərinin rəyi əsasında tərtib olunub.
Siyahıya ən azı 40 resenziya yazılan ekran əsərləri daxil edilib.
Reytinqin lideri rejissor Viktor Fleminqin “Oz Ölkəsinin Sehrbazı” (1939) musiqili filmidir. Hesabında iki “Oskar” mükafatı olan bu ekran əsəri 1998-ci ildə ən yaxşı 10 Amerika filmi siyahısına daxil olub.
İstifadəçilər ikinci yerə Orson Uellsin “Vətəndaş Keynə” (1941) filmini layiq görüblər. Bu əsər mütəmadi olaraq dünyanın kino tarixində ən çox diqqət çəkən filmlər siyahısına daxil olur. Britaniyanın “Sight and Sound” jurnalının reytinqində bu film ardıcıl olaraq 5 dəfə birinci yeri tutub.
Siyahıda üçüncü mövqedə Cordan Pilin “Uzaq ol” qorxu filmi qərarlaşıb. Onluğa, həmçinin “Quduz Maks: qəzəb yolu” (2015, Corc Miller) və “Inside Out” (Qıfılbənd) cizgi filmi (2015, Pit Doker, Pixar) də daxildir.
1news.az