Azərbaycan dünyanın ən yaxşı ölkələrinin reytinqində beş pillə irəliləyib
Azərbaycan US News and World Report jurnalının 2018-ci il üçün dünyanın ən yaxşı ölkələri reytinqində beş pillə irəliləyib.
Ölkəmiz reytinq cədvəlində 2017-ci ildəki 69-cu yerdən 64-cü yerə yüksəlib.
Ölkələrin qiymətləndirilməsi turizm baxımından cəlbedicilik, təbiətinin gözəlliyi, siyasi nüfuzu, təhsilin səviyyəsi və digər amillər üzrə aparılıb.
Azərbaycanın bu il innovasiyalar (33-cü yer) və dünya arenasına təsiri üzrə (45-ci yer) ən yaxşı göstəricilər nümayiş etdirib.
Post-sovet ölkələrindən Rusiya 1 pillə irəliləyərək 26-cı yerdə qərarlaşıb. Daha sonra isə Latviya 59-cu, Ukrayna 69-cu, Qazaxıstan 70-ci, Belorus isə 72-ci yerdə qərarlaşıb.
Gürcüstün və Ermənistan bu reytinqdə yer almayıb.
Liderlər dəyişməyib: 2018-ci il üçün dünyanın ən yaxşı ölkəsi İsveçrə hesab edilib.
Daha sonra isə Kanada, Almaniya, Böyük Britaniya və Yaponiya yer alıb. İlk onluğa həmçinin İsveç, Avstraliya, ABŞ, Fransa və Hollandiya da daxil olub.
Builki reytinqdə ən pis ölkə Əlcəzair hesab olunub. Həmçinin Serbiya, İran, Nigeriya və Livan da siyahıda ən son yerlərdədirlər.
Reytinq Pensilvaniya universiteti və BAV Consulting şirkəti ilə birgə hazırlanıb. Sorğuda dünyanın bütün ölkələrindən 21 min insan iştirak edib.
Tərcümə: S.Xankişiyeva