Zakir Həsənov medalla təltif edildi – FOTO
Yanvarın 23-də müdafiə naziri Zakir Həsənov ölkəmizdə işgüzar səfərdə olan Beynəlxalq Hərbi İdman Şurasının (CISM) prezidenti Abdulhakim Mohamed İsa Alşanunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
1news.az xəbər verir ki, görüşdə bütün istiqamətlərdə olduğu kimi idman sahəsində də ölkəmizin böyük nailiyyətlər qazandığını deyən müdafiə naziri vurğulayıb ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın səyləri nəticəsində bu gün Azərbaycan dünyada idman dövləti kimi tanınır. Azərbaycanda idmanın inkişafı dinamik xarakter daşıyır və ölkənin ictimai həyatında mühüm rol oynayır. Son illərdə təkcə Bakıda deyil, respublikamızın bütün bölgələrində də idman kompleksləri tikilib.
Ölkəmizin təkcə idman sahəsindəki uğurları ilə deyil, həm də mühüm beynəlxalq yarışların təşkilində nailiyyətləri ilə dünyada tanındığını deyən nazir qeyd edib ki, bir sıra mötəbər beynəlxalq idman qurumları dünya səviyyəli yarışların Azərbaycanda keçirilməsinə tərəddüdsüz razılıq verirlər. Artıq Azərbaycanda keçirilən beynəlxalq idman yarışları silsilə xarakteri daşıyır.
Ölkəmizin CISM ilə əməkdaşlıqda maraqlı olduğunu vurğulayan müdafiə naziri nüməyəndə heyətinin bu səfərinin orduda idmanın inkişafına mühüm təkan verəcəyinə əminliyini bildirib.
CISM-in prezidenti də öz növbəsində bu gün Azərbaycanın dünyada həm də idman dövləti kimi tanındığını xüsusi qeyd edib. Azərbaycanın hər zaman CISM-ə böyük dəstək verdiyini vurğulayan qonaq bildirib: “Biz əminik ki, Azərbaycan ilə Şura arasında olan səmimi münasibətlər bundan sonra da davam edəcək”.
Müxtəlif illərdə Azərbaycanda hərbçilər arasında idmanın bir çox növləri üzrə 4 dəfə dünya çempionatlarının keçirildiyini xatırladan CISM prezidenti ölkəmizin bu sahədə böyük təcrübəyə malik olduğunu vurğulayıb.
Görüşdə Azərbaycanın müvafiq qurumları ilə CISM arasında əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı məsələlərə dair fikir mübadiləsi aparılıb.
Sonda Beynəlxalq Hərbi İdman Şurası tərəfindən təsis edilmiş “Ali zabit” medalı müdafiə naziri general-polkovnik Zakir Həsənova, “Zabit” medalı isə müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkova təqdim edilib.
1news.az