AXCP - REAL "müharibəsi" yenidən alovlanıb
Müxalifət adına iddia edən, özlərini demokratik qüvvələr adlandıran AXCP və REAL sosial şəbəkələrdə sözün əsl mənasında qırğına çıxıb. Onsuz da bu iki qüvvə arasında əvvəldən "soyuq müharibə" yaşanırdı. Vaxtilə blogger Mehman Hüseynovun yaratdığı, hazırda onun qardaşı - Azərbaycandan qaçaraq İsveçrəyə sığınan Emin Hüseynov tərəfindən idarə olunan "Facebook"da "Secki.az" səhifəsində virtual sorğu keçirilib. Həmin sorğuda AXCP sədri Əli Kərimlinin və REAL-ın həbsdə olan lideri İlqar Məmmədovun şəkilləri paylaşılaraq, sosial şəbəkə istifadəçilərinə müraciət edilib ki, "Sabah Azərbaycanda Prezident seçkisi keçirilərsə, hazırkı iqtidara alternativ ola biləcək namizəddən prezident kürsüsündə hansını daha çox görmək istəyərdiniz?".
Sosial şəbəkə istifadəçilərinin böyük əksəriyyəti İlqar Məmmədova səs verib. Beləliklə də REAL lideri AXCP sədrini qabaqlayıb. Məhz bu sorğunun nəticəsi AXCP və REAL arasında uzun müddətdir davam edən mübarizənin sərhədləri aşmasına səbəb olub. Sorğunun nəticəsini həzm edə bilməyən cəbhəçilər sosial şəbəkədə REAL-a açıq hücuma keçiblər.
AXCP Gənclər Təşkilatının üzvü olan, yaxud cəbhəçilərə yaxınlığı ilə seçilən Facebook istifadəçiləri öz statuslarında və yazdıqları rəylərdə bildiriblər ki, REAL bu səsvermədə trollardan yararlanıb. Səsvermədə iştirak edənlərin siyahısını yayan cəbhəçilər iddia ediblər ki, guya REAL liderinə səs verənlərin böyük əksəriyyəti Yeni Azərbaycan Partiyasının (YAP) trollarıdır. Bundan qeyzlənən REAL-çılar da əks hücuma keçiblər və cəbhəçilərin ünvanına ittihamlar səsləndirib. Bildirib ki, AXCP-çilərin guya İlqar Məmmədovu müdafiə etməsi kimi özlərini göstərmələri ikrah doğurur. Cəbhəçilər İ.Məmmədov azadlıqda olanda onu söyüblər, azadlığa çıxandan sonra da söyəcəklər, hətta prezident olsa belə, adını "Məmmədov rejimi" qoyacaqlar.
Ümumilikdə cəbhəçilər REAL-çıları və konkret İ.Məmmədovu İsmayıllı hadisələrində şou göstərməkdə, REAL-çılar isə Ə.Kərimli və AXCP-çiləri 20 Yanvar günü şou göstərməkdə ittiham ediblər.
Kaspi