Elman Nəsirov: “ABŞ Türkiyənin qətiyyətli mövqeyi qarşısında geri çəkilməli oldu”
Türkiyə Silahlı Qüvvələrinin 20 yanvar tarixində başladığı “Afrin əməliyyat”ı birmənalı olaraq Ankaranın antiterror əməliyyatıdır. Bu əməliyyatın başlanmasına səbəb Pentaqonun polkovniki Tomas Valın Suriyanın şimalında Türkiyə ilə sərhəd boyunca 30 minlik və əsasən “Demokratik Suriya Qüvvələri”ndən ibarət (YPG və PYD) “Sərhəd təhlükəsizlik xidməti” yaratmaq istiqamətində hazırlıq işlərinə başlanması haqqında bəyanatı oldu.
1news.az xəbər verir ki, bunu millət vəkili, politoloq Elman Nəsirov bildirib. O qeyd edib ki, həm YPG, həm də PYD beynəlxalq terror təşkilatı olan PKK-nın Suriya qanadlarını təşkil edir.
Politoloq xatırladıb ki, Türkiyənin NATO üzrə müttəfiqi olan ABŞ-ın bu addımı rəsmi Ankara və Vaşinqton arasında münasibətlərin son dərəcə gərginləşməsinə səbəb oldu:
“Türkiyə ABŞ-ı müttəfiqlik münasibətlərinə daban-dabana zidd addım atmaqda və terrorçuların yanında yer alnmaqda ittiham etdi. Rəsmi Vaşinqtonun cavabı özünü çox gözlətmədi. ABŞ-ın dövlət katibi Reks Tillerson Vankuverdən Vaşinqtona qayıdarkən təyyarədə məlum ittihamlara cavab olaraq bildirdi ki, “bütün vəziyyət təhrif edilmiş təqdim olunub və qeyri-dədiqliyə yol verilibdir. Biz Suriyada sərhəd təhlükəsizliyi qüvvələri yaratmırıq. Təəssüf ki, bəzi adamların fikirləri xoşagəlməz iz qoyubdur. Biz bu məsələləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə ətraflı şəkildə Vankuverdə müzakirə etdik”.
Göründüyü kimi, ABŞ Türkiyənin qətiyyətli mövqeyi qarşısında geri çəkilməli oldu. ABŞ-ın mövqeyi Türkiyənin məlum addımlarını şərtləndirsə də, son davranşı ilə PKK və PYD-nin ümidlərini puç etməkdədir. Rusiyanın mövqeyi daha çox neytrallığı ilə diqqəti cəlb edir. Rusiyanın xarici işlər naziri Sergey Lavrov məhz ABŞ-ı Suriyada baş verməkdə olan son hadisələrdə ittiham etmişdir. Rəsmi Moskvanın bu davranışının motivləri anlaşılandır. Birincisi, Rusiya uçün ilk növbədə bölünməz Suriya lazımdır. YPG və PYD terror təşkilatları isə faktiki olaraq Suriyanın şimalında ayrıca kürd dövləti yaratmaq istəyirlər. Deməli, Türkiyənin Afrində həyata keçirdiyi antiterror əməliyyatlar nəticə etibarilə Suriyanın ərazi bütövlüyünün qorunmasına xidmət göstərir və bu baxımdan həm Moskva, həm də Dəməşqin milli maraqlarına cavab verir. İkincisi, Rusiya prezidenti Vıadimir Putinin şəxsi təşəbbüsü ilə bu ilin yanvar ayının 29-30-da Soçi şəhərində “Suriya Milli Dialoq Konqresi”nin toplantısının keçirilməsi planlaşdırılır. Bu toplantının baş tutması Suriya böhranının tənzimlənməsində Rusiyanın mövqelərinin güclənməsinə gətirib çıxara bilər”.
Millət vəkilinə görə, “Afrin böhranı”nda Rusiyanın Türkiyə ilə konfliktə girməsi həmin toplantının baş tutmasına ciddi mane ola bilərdi: “Digər tərəfdən, yanvar ayının 18-də Türkiyənin hərbçi və kəşfiyyat rəhbərliyinin Moskvada məlum hadisələr ilə bağlı yüksək səviyyəli danışıqlar aparması da, heç şübhəsiz, Moskvanın bəlli mövqeyinin formalaşmasında az rol oynamayıb.
Bəşər Əsəd rejimi Türkiyə ilə bağlı hədələyici bəyanatlar versə də, Rusiyanın məlum mövqeyi fonunda bu, imitasiya təsiri bağışlayır.İran hərbi əməliyyatların dayandırılmasına çağırış etsə də, əslində kürd terrorçularının məhvi rəsmi Tehranın da strateji maraqlarına cavab verir. Onu da xüsusi olaraq qeyd edək ki, Türkiyə “Afrin əməliyyatı”na başlamazdan öncə, ilk növbədə Suriya rəhbərliyinə rəsmi məktubla müraciət edib və atacağı addımların Suriya ilə sərhədlərdən gələn terror təhlükəsi ilə bağlı olduğunu əsaslandırıb. Anoloji məktublar bütün maraqlı tərəflərə, o cümlədən BMT Baş katibliyinə ünvanlanıb. Bu haqda Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu məlumat verib”.
E.Nəsirov əlavə edib ki, ərəb dövlətlərindən yalnız Misir, Avropa dövlətlərindən isə Fransa Türkiyənin Afrində həyata keçirdiyi antiterror əməliyyatları pisləyən mövqe ortaya qoyub. O xatırladıb ki, Fransanın xarici işlər naziri Jan-İv Le Drian məlum hadisələrlə bağlı BMT TŞ-nın fövqəladə iclasının çağırılmasını tələb edib: “Beləliklə, Türkiyənin ərazi bütövlüyünü, sərhədlərinin təhlükəsizliyini və suverenliyini kürd terrorçularından qorumaq məqsədilə atdığı önləyici addımlar münbit beynəlxalq şəraitin mövcudluğu reallığında həyata keçirilməkdədir. Bu əməliyyatlara qarşı çıxış edən azsaylı dövlətlərin hərəkətləri isə daha çox imitasiya xarakteri daşıyır. Türkiyənin işi haqq işidir və dünya bunu nə qədər tez dərk etsə, beynəlxalq terrorizmə qarşı mübarizədə daha böyük uğurlar qazanmaq olar”.
P.Sultanova