Sahibə Qafarova: Dini ayrı-seçkiliyi alovlandıran, faşizmi təbliğ edən çağırışlar qətiyyətlə pislənilməlidir
"Hər hansı bir dinin adının terrorla birlikdə anılması, müqəddəs dinlərin terror dini kimi xarakterizə olunması yolverilməzdir. Çünki bütün dinlər, o cümlədən, İslam dini sülh və barışı tərənnüm edir, insanları sülh şəraitində birgə yaşayışa, ədalətli olmağa çağırır".
1news.az xəbər verir ki, bunu Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında(AŞPA) nümayəndə heyətinin üzvü Sahibə Qafarova qurumun sessiyası çərçivəsində bu gün keçirilən sərbəst debatlarda çıxışı zamanı deyib.
Millət vəkilinin sözlərinə görə, Avropa dəyərlərinin formalaşmasında müsəlmanların da rolu az olmayıb. Qitənin çoxəsrlik tarixində müsəlman alim və ziyalılarının, tarixi şəxsiyyətlərinin xidmətləri inkar oluna bilməz:
“Ona görə də, hesab edirik ki, bu gün bəzi siyasətçilərin hansısa dini hədəf göstərib rasizmi, ksenofobiyanı təşviq edən fikirlər səsləndirməsi gələcəkdə təhlükəli nəticələr doğura bilər. Bizi əhatə edən coğrafiyada, o cümlədən Avropada terror hadisələrinin artdığı, onlarla günahsız insanın terrorun qurbanına çevrildiyi bir vaxtda dini ayrı-seçkiliyi alovlandıran, faşizmi təbliğ edən çağırışlar qətiyyətlə pislənilməlidir".
S.Qafarovanın fikrincə islamofobiyanı bir dinin təmsilçilərinin problemi kimi görmək də kökündən qüsurlu yanaşmadır.
Millət vəkili deyib ki, bu günkü Avropanın sabit mühiti heç də asan təmin olunmayıb: "Biz bu günə milyonlarla qurbanlar verərək, çox ağır məhrumiyyətlərlə gəlib çıxa bilmişik. Bu gün isə bəzi məsuliyyətsiz siyasətçilərin səhvləri ucbatından yenidən o fəsadları yaşamağı hər halda heç birimiz istəmirik. Hamımızın ortaq evimiz olan Avropanı yenidən iqri, dini, milli ayrıseçkiliyin tüğyan etdiyi, diskriminasiyanın bütün cəmiyyətlərə bədbəxtçilik gətirdiyi həmin illərə qaytarmaq heç kəsə fayda verməyəcək.
Sual oluna bilər ki, biz islamofobiyanın, diskriminasiyanın yayılmasının qarşısını almaq üçün nə etməliyik? Əslində, bu sualın cavabı kifayət qədər aydındır. Bütün hallarda diskriminasiyanın aradan qaldırılmasının başlıca yolu multikulturalizm dəyərlərini, mədəniyyətlərarası dialoq və xoşgörünü qorumaq, təbliğ etməkdir".
Daha sonra ölkəmizdə mövcud olan multikultural və tolerantlıq mühiti haqqında məlumat verən millət vəkili bildirib ki, Azərbaycan müsəlmanların mütləq çoxluq təşkil etdiyi suveren ölkədir. Bununla belə, Azərbaycan öz təcrübəsində müxtəlif dinlərin nümayəndələrinin birgə, sülh şəraitində yaşaya biləcəyini, multikulturalizmin diskriminasiyanı aradan qaldıran əsas vasitə olduğunu sübut edib. Onun sözlərinə görə, Azərbaycanda bütün dinlər, müxtəlif xalqlar qanun qarşısında bərabərdir və eyni hüquqlara malikdir. Azərbaycan dövləti bütün millətlərin və dinlərin nümayəndələrinə qayğı ilə yanaşır, hər kəsə eyni hüquqları təmin edir.
"Azərbaycan bu gün özünün multikultural dəyərləri ilə haqlı olaraq fəxr edir. Bu yanaşma bizim ənənəvi dəyərlərimizin ayrılmaz tərkib hissəsidir. Xristian və yəhudi icmaları ölkəmizdə əksəriyyət təşkil edən müsəlmanlarla eyni hüquqlara malikdirlər. İnsanlar heç zaman dini və etnik mənsubiyyətinə görə pis rəftarla qarşılaşmırlar. Azərbaycanda məscid, kilsə və sinaqoqlar bərabər fəaliyyət göstərir. Əgər Azərbaycan dövləti buna nail olubsa, deməli bunu etmək mümkündür. Fərqlilikləri qorumaq, təşviq etmək xalqları yalnız zənginləşdirə bilər", - deyə Sahibə Qafarova qeyd edib.
1news.az