Bakıda Hindistanın milli bayramı qeyd edilib
Bakıda Hindistanın milli bayramı – Respublika Günü münasibətilə rəsmi qəbul təşkil edilib.
1news.az xəbər verir ki, qəbulda hökumət rəsmiləri, millət vəkilləri, xarici ölkələrin Azərbaycandakı səfirləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Hindistanın Azərbaycandakı səfiri Sanjay Rana ölkəsində vətəndaşların rifahı və davamlı inklusiv inkişafı üçün görülən işlərdən, həyata keçirilən böyük iqtisadi islahatlardan danışıb.
O bildirib ki, Azərbaycanla Hindistan arasında səmimi dostluq münasibətləri mövcuddur. İki ölkənin əlaqələri dərin tarixi köklərə malikdir, ikitərəfli əməkdaşlığın siyasi, iqtisadi, təhsil və mədəni sahələrdə daha da inkişafı üçün mühüm işlər görülür.
Diplomat əlavə edib ki, Hindistanın ONGV-Videsh şirkəti Azərbaycanın neft və qaz sektorunda paya malikdir. S.Rana əlavə edib ki, ötən il iki ölkə arasında ticarətin həcmi 60 faizdən çox artaraq 540 milyon dollara çatıb.
S. Rana Bakı-Tbilisi-Qars dəmir yolunun açılışının daşınma üçün önəmli mərkəzə çevrildiyini diqqətə çatdırıb.
Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırov Hindistan xalqını və dövlətini təbrik edib. O, iki xalqın rifahı naminə ölkələr arasında dostluq və əməkdaşlıq əlaqələrinin davamlı inkişafına ümid etdiyini vurğulayıb.
Nazir tibb, əczaçılıq, infrastruktur, İT və telekommunikasiyalar, kən təsərrüfatı, enerji, alternativ enerji, səhiyyə, turizm sektorlarında Azərbaycanın Hindistanla əməkdaşlığa önəm verdiyini vurğulayıb.
P.Sultanova